Yerli televiziya kanallarına müsahibə verən zaman Prezident İlham Əliyevin verdiyi mesajlardan biri də, elm və təhsilin dövlətin və millətin gücünü müəyyən etməsi idi. Dövlət başçısı bildirib ki, neft-qaz resursları deyil, bilikli və savadlı insan kapitalı uzunmüddətli inkişafın əsasını təşkil edir. Məhz bu səbəbdən də elm və təhsil Azərbaycan üçün daim prioritet məsələlərdən biridir.
Milli Məclisin deputatı Fazil Mustafa Manset.az-a açıqlamasında bildirib ki, qeyri-neft sektorunun inkişafı yolunda əsas məsələlərdən biri də ölkəyə savadlı kadrların cəlb olunmasının artırmaqdır.

“Prezidentin də dediyi kimi, ölkədə neft gəlirləri azaldıqca qeyri- neft sektorunun inkişafı istiqamətində ciddi tədbirlərin görülməsi önəmlidir. Bu istiqamətdə xeyli işlər görülüb. 3.2 faiz artım olması müsbət tendensiyadan xəbər verir. Amma bu hələ Azərbaycan üçün yetərli deyil. Azərbaycanın qeyri-neft sektoru ilə bağlı böyük potensialı var. Bu da rəqəmsal texnologiyanın inkişafı, 4-cü və 5-ci sənaye inqilabının nəticələrinin Azərbaycanda doğru təhlil olunaraq bu istiqamətdə xeyli işlərin görülməsini özündə ehtiva edir. Bu çalışmalarda birinci növbədə azad sahibkarlığın inkişafı, xüsusilə də, rəqəmsal texnologiyalar sahəsində sahibkarlığın stimullaşdırılmasına ehtiyac var. Bu da daha çox bilikli kadrların ölkəyə qayıdaraq ölkədə fəaliyyət göstərməsinə ehtiyac var. Bir çox bu cür hazırlıqlı kadrlar ölkəyə qayıtsa da, dövlət və cəmiyyət həyatında özlərinə yer tapa bilmədiklərinə görə, geri dönürlər. Bu da Azərbaycanın ciddi səviyyədə itkisi sayılmalıdır. Bunun üçün də məmurlar Prezidentin bu sözlərindən kifayət qədər ciddi nəticə çıxarmalıdırlar. Hansısa dövlət qurumlarımda həmin kadrların işlə təmin olunması və layiqli əməkhaqqı ilə müəyyən dərəcədə stimullaşdırılması olduqca vacibdir. Çünki təkliflər cəlbedici olduqda, xüsusilə də, xarici şirkətlərin tələbləri insanları cəlb edir. Bu məsələdə sadəcə vətənpərvərlik tələbi olaraq kiminsə ölkədə çalışması kimi çağırışlar təbii ki lazımdır, amma bu, həlledici rol oynamır. Birinci növbədə, belə kadrların qiymətləndirilməsinə ehtiyac var. Ona görə də, cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsi mühitin daha çox bu istiqamətdə formalaşması deməkdir. Mühit belə formalaşarsa, savadlı kadrlara baxış da fərqli ola bilər. Hər halda “Yüksəliş” müsabiqəsi vasitəsilə müəyyən gənclərin üzə çıxarılması, istedadların tanınması baxımından müəyyən addımlar atılır, amma bu istiqamətdə daha çoxşaxəli mühitin yaradılması önəmlidir”.
Deputat qeyd edib ki, hər halda biz neft-qaz resurslarının tükəndiyi bir vaxtda bilikli insan kateqoriyasını önə çəkməsək, bölgənin liderliyi məsələsində də müəyyən sıxıntılar yaşaya bilərik:
“Bu sahədə qonşularımızda da müəyyən islahatlar həyata keçirilir. Xüsusilə də, universitet, təhsil islahatları kifayət qədər diqqətdə saxlanılır. Bizdə də bu istiqamətdə daha böyük səfərbərliyə ehtiyac var. Biz universitet modelimizi cəlbedici etməsək, kadrların seçim alternativləri daha çox xaric üzərindən formalaşmağa davam edəcək. Buna görə də bu sahədə islahatlara dəstək verən addımlar atılmalıdır. Belə olarsa, müəyyən dərəcədə müsbət nəticələr əldə etmək mümkündür”.
Fidan Vəlisoy