Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycanın xarici siyasətində və enerji diplomatiyasında növbəti uğurlu addım oldu. Almaniya şirkətləri ilə Azərbaycan qazının ixracına dair 10 illik müqavilələrin imzalanması, ilkin mərhələdə 1,5 milyard kubmetr qazın Avropa bazarına çıxarılacağının açıqlanması təsadüfi deyil. Bu, illərdir aparılan uğurlu daxili və xarici siyasətin bəhrəsidir.
Azərbaycanın beynəlxalq arenada növbəti uğurlara imza atdığı günlərdə yenə eyni mənzərə ilə qarşılaşırıq. Xaricdə oturaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar, ölkənin uğurlarını qəbul edə bilməyənlər yenə fəallaşırlar. Azərbaycanın qazandığı hər uğur onların narahatlığını bir qədər də artırır.
Almaniyada keçirilən mətbuat konfransından sonra Prezidentin köməkçisi Hikmət Hacıyevlə xaricdə yaşayan “bloger” Tural Sadıqlı arasında yaşanan qısa dialoq da bunun nümunəsi oldu. Tural Sadıqlının suallarına Hikmət Hacıyev emosiyaya qapılmadan, peşəkarlıqla, dövlət rəsmisinə yaraşan təmkin və səbrlə cavab verdi.
Onun ilk cavabı əslində çox mətləbdən xəbər verirdi: “Verilişlərinizə çox vaxt ayırmıram, səmimi deyim. Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil.”
Bu fikirlə Hikmət Hacıyev sosial şəbəkələrdə yaradılan süni gündəmlə ölkənin real gündəminin fərqli olduğunu açıq şəkildə ortaya qoydu. Sonra isə dövlətə münasibətini bir cümlə ilə ifadə etdi: “Həyatda ən çətin şey Vətənə, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara mənim yazığım gəlir.”
Bu sözlər müzakirəyə nöqtə qoydu. Çünki Azərbaycanın gündəmi xaricdən aparılan qarayaxma kampaniyaları deyil, beynəlxalq arenada əldə olunan uğurlar, imzalanan strateji müqavilələr və ölkənin milli maraqlarına xidmət edən siyasətdir. Almaniyada verilən mesaj da bunu təsdiqlədi.
Bu dialoq bir daha göstərdi ki, dövləti beynəlxalq platformalarda təmsil etmək təkcə diplomatik bilik deyil, həm də yüksək təmkin, mədəniyyət və peşəkarlıq tələb edir. Hikmət Hacıyev də məhz bunu nümayiş etdirdi. O, emosional polemikaya qoşulmadı, müzakirəni qarşıdurmaya çevirmədi və dövlət rəsmisinə yaraşan davranış sərgilədi.
Bu adamlar üçün vətən, millət anlayışı, təəssüf ki, arxa planda qalır. Onlar müəyyən dairələrdən dəstək alaraq, sadəcə qarayaxma ilə məşğuldur. 44 günlük Vətən müharibəsi zamanı da bunun şahidi olduq. Ölkə tarixi qələbəyə imza atarkən, bu adamlar fərqli mövqe nümayiş etdirdilər.
Amma bütün bunlar bir reallığı dəyişmir. Azərbaycan bu gün uğurlu xarici siyasət yürüdür, beynəlxalq nüfuzunu möhkəmləndirir və strateji tərəfdaşlıqlarını genişləndirir. Bunu nə sosial şəbəkələrdə aparılan müzakirələr, nə də kənardan səslənən tənqidlər dəyişə bilir.
Famil Fərhadoğlu
Manset.az xəbər portalının direktoru