Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirildi - FOTOLAR

14:49 - 10 Dekabr 2025

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirildi - FOTOLAR

Dekabrın 9-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.


Manset.az xəbər verir ki, açılış nitqi ilə Şuranın sədri, baş prokuror Kamran Əliyev çıxış edib. Bildirib ki, Konstitusiya dövlətimizin suverenliyini, idarəçilik sisteminin sabitliyini və cəmiyyətin hüquqi inkişaf prinsiplərini müəyyən edən əsas sənəddir.

Vurğulanıb ki, müasir Azərbaycan dövlətinin möhkəm təməli dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı dövlətçilik fəlsəfəsi üzərində qurulub. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik xəttini bu gün yüksək səviyyədə və böyük siyasi iradə ilə davam etdirən Prezident İlham Əliyevdir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində dövlət suverenliyimizin möhkəmləndirilməsi, qanunçuluğun təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunub.

Çıxışda həmçinin qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr cəmiyyətin hüquqi maarifləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və sosial rifahın yüksəldilməsi baxımından xüsusilə əhəmiyyət kəsb edir.

İclasda Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov “Azərbaycan Konstitusiyasında dövlət suverenliyi prinsipinin hüquqi əsasları”, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev “Azərbaycan Respublikasının Konstitusiyası və insan hüquqları”, Milli Məclisin deputatı Kamal Cəfərov “Korrupsiyanın qarşısının alınmasında Azərbaycan modeli”, Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiri, prokurorluğun veteranı Tahir Kazımov “Cinayət Məcəlləsinin 178-ci maddəsinə dəyişikliklərin edilməsinin zərurəti”, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova “Dövlət hesabına müdafiənin həyata keçirilməsi zamanı mövcud problemlər”, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev isə “Cinayət təqibi üzrə icraatın dayandırılmasının aktual problemləri” mövzusunda çıxış ediblər. Hər bir çıxış ətrafında Şura üzvlərinin təklifləri dinlənilib və müzakirələr aparılıb.

Tədbir zamanı prokurorluğun elmi-tədqiqat və metodiki fəaliyyətinə dair yeni nəşrlər və elektron resurslar da təqdim olunub.

İclas çərçivəsində 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” münasibətilə ali təhsil müəssisələri arasında keçirilən “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” adlı hüquq viktorinasında nominasiyalar üzrə fərqlənmiş tələbələrin mükafatlandırılması mərasimi təşkil edilib və qaliblərə mükafatlar Kamran Əliyev tərəfindən təqdim olunub.

Tədbirin sonunda K. Əliyev Konstitusiyanın dövlət suverenliyinin təmin edilməsində rolu, hüquqi dövlət quruculuğu sahəsində aparılan islahatların əhəmiyyəti və hüquq-mühafizə orqanlarının fəaliyyətində əsas istiqamətlərin daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az