Aprelin 22-si Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində İlham Əliyev ilə görüşlər və keçirilən tədbirlər zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub.
Rəsmi səfər zamanı İlham Əliyevin Edqars Rinkeviçs ilə təkbətək görüşü olub. Həmçinin prezidentlərin iştirakı ilə Azərbaycan və Latviya arasında birgə sənədlərin imzalanması və mübadiləsi baş tutub ki, bu da əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Görüşlərdə siyasi dialoqla yanaşı, iqtisadi və praktiki əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Latviya Prezidenti nümayəndə heyətinin geniş tərkibdə iştirakına toxunaraq bildirib ki, heyətdə hətta ikinci cərgədə belə çox sayda təmsilçi yer alıb və bu, tərəflərin konkret məsələlərin müzakirəsinə marağını göstərir. O, həmçinin Hökumətlərarası Komissiyanın fəaliyyətini müsbət qiymətləndirib.
Prezident İlham Əliyev isə çıxışında iqtisadi göstəricilər və enerji siyasəti ilə bağlı bir sıra rəqəmləri diqqətə çatdırıb.
Səfər çərçivəsində keçirilən Azərbaycan–Latviya
biznes-forumu işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi və yeni
investisiya imkanlarının müzakirəsi baxımından mühüm platforma kimi çıxış edib.
Bu, tərəflərin siyasi dialoqu konkret iqtisadi əməkdaşlıqla paralel inkişaf
etdirmək niyyətini açıq şəkildə nümayiş etdirir.
Latviya Prezidentinin Bakıya rəsmi səfəri iki ölkə
arasında münasibətlərin yalnız protokol çərçivəsində qalmadığını, daha çox
konkret əməkdaşlıq gündəliyi üzrə inkişaf etdiyini göstərən məqamlarla yadda
qaldı. Görüşlərin mahiyyəti siyasi dialoqun davam etdirilməsi ilə yanaşı,
iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı və bərpaolunan enerji sahələrində
praktiki əməkdaşlığın genişləndirilməsinə yönəlib.
Tərəflər mövcud əməkdaşlıq formatlarını dərinləşdirməklə yanaşı, yeni istiqamətlərin də formalaşdırılması barədə razılıq ifadə ediblər. Xüsusilə Qarabağın bərpası çərçivəsində meşəçilik və ekoloji layihələr üzrə təcrübə mübadiləsi gələcək mərhələdə real layihələrə çevrilə biləcək əməkdaşlıq sahəsi kimi qiymətləndirilir.

Latviyanın Avropa İttifaqına üzv ölkə kimi Azərbaycanla
əməkdaşlığa maraq göstərməsi bu münasibətlərin yalnız ikitərəfli çərçivədə
deyil, daha geniş Avropa kontekstində də əhəmiyyət daşıdığını göstərir. Bu,
xüsusilə enerji və nəqliyyat sahələrində Azərbaycanın Avropa ilə əlaqələrinin
şaxələndirilməsi baxımından diqqət çəkir.
Avropada enerji təhlükəsizliyi məsələlərinin
aktuallığı fonunda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu bu əməkdaşlığa
əlavə strateji məna qazandırır. Azərbaycanın enerji siyasətində “yaşıl enerji”yə
keçid planları isə bu əməkdaşlığın perspektiv istiqamətlərindən biri kimi dəyərləndirilə
bilər.
İqtisadi müstəvidə əsas diqqət münasibətlərin mövcud
potensialının daha dolğun reallaşdırılmasına yönəlib. Ticarət, investisiya və
enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğu
vurğulanır.
Ümumilikdə, səfər Azərbaycan–Latviya münasibətlərində yeni mərhələnin konturlarını ortaya qoyur. Bu mərhələ siyasi dialoqun qorunması fonunda əməkdaşlığın daha çox praktiki layihələrə və konkret nəticələrə yönəlməsi ilə xarakterizə olunur. Bu mənada səfər təkcə diplomatik təmas kimi deyil, həm də münasibətlərin daha geniş regional və iqtisadi kontekstdə inkişafına yönəlmiş addım kimi qiymətləndirilə bilər.

Könül Ələsova