Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncama əsasən, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.
O, Xaliyev bu təyinatadək “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-nin İdarə Heyətinin sədr müavini işləyib.
Manset.az yeni sədrin qısa dosyesini təqdim edir:
Osman İsmayıl oğlu Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsini İqtisadi kibernetika ixtisası üzrə bitirib. 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində İdarəetmənin informasiya texnologiyası üzrə magistratura pilləsini bitirib.
2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb. 2010-2011-ci illərdə "Access Bank” QSC-də əməliyyatlar üzrə mütəxəssis, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib.
2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən "Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb. 2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.
O.Xaliyev 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri təyin olunub. 2021-ci ilin iyun ayının 1-dən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib. 2022-ci il noyabrın 15-də Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.
2025-ci ilin dekabrında “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-nin İdarə Heyətinin sədr müavini təyin edilib.
Ailəlidir, 1 övladı var.