Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fuad Məmmədov Türkiyənin Ankara şəhərinə işgüzar səfər edib. Türkiyə Kənd Təsərrüfatı Meşə Həmkarlar İttifaqının dəvəti ilə həyata keçirilən səfərin məqsədi hər iki ölkənin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən həmkarlar ittifaqları arasında əməkdaşlığın daha da genişləndirilməsi və imkanların qarşılıqlı müzakirəsindən ibarət olub.
Manset.az xəbər verir ki, səfər zamanı Türkiyənin aqrar sahədə fəaliyyət göstərən həmkarlar təşkilatlarının rəhbər nümayəndələri ilə bir sıra görüşlər keçirilib.
“Türk Tarım Orman Sen” (Türkiyə Kənd Təsərrüfatı Meşə Həmkarlar İttifaqı) ilə görüşdə təşkilatlar arasında əməkdaşlıq imkanları müzakirə olunub, birgə fəaliyyət haqqında razılaşma əldə edilib.
“Türk Tarım Orman Sen” həmkarlar ittifaqı təşkilatlarının yaranmasının 30 illiyi münasibətilə təşkilatın sədri Əhməd Dəmirçiyə Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi adından hədiyyə təqdim edilib və yaxın gələcəkdə təşkilatlar arasında əməkdaşlıq protokolu imzalanması barəsində razılıq əldə olunub.
Növbəti görüş Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirinin müavini Nihad Pakdil ilə olub.
Görüşdə son dövrlərdə Türkiyə Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı haqqında məmnunluqla danışılıb.
Xüsusən işğaldan azad olunmuş torpaqlarda kənd təsərrüfatı sahəsində türk şirkətlərinin geniş fəaliyyəti qeyd olunub.
Bundan başqa sahə işçilərinin əmək hüququ, həmkarlar ittifaqlarının fəaliyyətləri, işçilərin iqtisadi-sosial maraqlarının təmin olunması, əməyin mühafizəsi ilə bağlı məsələ haqqında fikir mübadiləsi aparılıb. Professor Nihat Pakdil qardaş ölkənin həmkarlar ittifaqının nümayəndələrinin səfərindən məmnun olduğunu bildirib.
Səfər müddətində Türkiyənin üzvlərinin sayı baxımından ən böyük həmkarlar konfedrasiyası olan “Memur-Sen”-in üzv təşkilatı olan “Türkiyə Tarım və Orman Çalışanları Həmkarları”nin sədri Hüseyn Öztürklə görüş keçirilib.
Görüşdə dövlət sektorunda çalışan sahə işçilərinin qayğılarından, problemlərindən və həmkarlar təşkilatının gördüyü işlərdən bəhs edilib. 45min ittifaq üzvünü özündə birləşdirən “Toç Bir-sen”lə yaxın vaxtlarda əməkdaşlıq müqaviləsi bağlanması haqqında razılıq əldə olunub.
Qeyd olunub ki, bu cür səfərlər iki qardaş ölkənin həmkarlar təşkilatları arasında əlaqələrin daha da genişlənməsinə imkanlar açacaq.