“Prezident İlham Əliyevin idarəçiliyi, qəbul etdiyi qərarlar və əldə olunan nəticələrin hamısı bir-birini tamamlayır. Ölkə başçısı nəyi, necə və nə vaxt etmək lazım olduğunu öz həyata keçirdiyi siyasətlə sübut edir. Bu gün Laçının Azərbaycana bütövlüklə təhvil verilməsi və ətraf kəndlərin boşaldılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclis sədrinin müavini, professor Fəzail İbrahimli bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşdirilməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi İkinci Qarabağ müharibəsində əldə edilmiş uğurların qanunauyğun davamıdır:
“10 noyabr sazişində bütün bunlar nəzərdə tutulmuşdu. Ancaq dünya tarixinə fikir versək, hər müqavilə, hər imzalar yerinə yetirilmir. Müqavilə üç dövlət arasında bağlansa da, əsas müqavilənin icraçısı erməni tərəfi idi. Amma bu erməni tərəfi, yəni Baş nazir, Ermənistan dövləti kənarda olan qüvvələr tərəfindən idarə olunur. Bu qüvvələr də bir neçə istiqamətdədir. Bunlara Avropanın, Rusiyanın müəyyən dairələrini, o cümlədən, dövlət səviyyəsində olan dairələri missal göstərə bilərik.Amerikada olan lobbilərinin, dünya müxtəlif yerlərində olan erməni lobbilərinin özünün o məsələ ilə bağlı müəyyən düşüncəsi var. Bunların içərisində ən pisi, qorxulusu və Azərbaycan üçün məqbul hesab edilməyən siyasi hakimiyyətdən məhrum edilmiş, 30 il erməni xalqını demək olar ki, siyasi əsarətdə saxlayan qüvvələr idi. Özünün siyasi istəyini, maddi durumunu, bütün varlığını bu xalqın əzabları üzərində quran Koçaryan və Sarkisyan cütlüyünün bu məsələlərdə ciddi müqaviməti var idi. Buna görə də, bunlar daima nala-mıxa vururdular, müqavilənin şərtlərini pozurdular. Amma ermənilər böyük strateji addımlar atan, qətiyyətli addımlar atan, siyasi gedişləri olan Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında tab gətirə bilmədilər. Ölkə başçımız qətiyyətlidir, birmənalı mövqeyi var. Cənab Prezidentin verdiyi bütün müsahibələrdə ultimatum xarakterli düşüncələri və çıxışlarındakı qətiyyətli tələbləri bu məsələnin həllinə rəvac verdi.Ona görə də bu sazişin şərtlərindən biri kimi bu məsələ icra olundu”.

Fəzail İbrahimli bildirib ki, 1992-ci ildə itirilmiş Laçın rayonunun mərkəzinə Azərbaycan əsgərinin girməsi, milli bayrağımızın asılması və ölkəmizin nəzarətinə keçməsi əhəmiyyətli hadisədir:
“Bildiyimiz kimi üç tərəfli bəyanatda alternativ yolun 3 il ərzində çəkilməsi və Laçın şəhərinin təhvil verilməsi nəzərdə tutulmuşdu. Lakin biz İlham Əliyevin qətiyyətli addımları ilə bunu daha tez etdik Bunun nəticəsində Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu. Vaxtından əvvəl icra olunan işin dəyərinə qiymət vermək üçün söz azdır. Deyilən sözlər, irəli sürülən fikirlər, hüquq normaları addımbaaddım həyata keçirilir. Bu da onun tərkib hissələrindən biridir.
Bunun əhəmiyyəti əslində tariximizin ən şərəfli səhifəsi, İkinci Vətən müharibəsində qazandığımız qələbədir.O qələbənin zirvə nöqtəsi Qələbənin şərəfinə keçirilən Zəfər paradı oldu. O əhəmiyyət Cənab Prezidentin həmin Zəfər paradında dünyaya üz tutub müraciət xarakterli çıxışında bir daha aydın göründü. Burada söhbət təkcə erməni xalqı üzərində qələbədən getmir. Əslində bu həm də onların havadarlarının məğlubiyyəti idi. Çünki 20 faiz torpağımızı təkcə ermənilər işğal etməmişdilər. Onların havadarları işğal edib torpaqlarımızı düşmənə hədiyyə vermişdi. Bugünkü tarixi hadisə ilə əslində 200 ildən artıq davam edən “Böyük Ermənistan” ideologiyası məhv oldu. Laçının nəzarətimizə keşməsi “Heçdən dövlət yaratmışıq"- deyən erməni ideoloqlarının ağzına sanki bir tikiş vurdu. Əslində bizim Laçına yerləşməyimizin tarixi əhəmiyyəti budur”.