Sərfəli mobil operator “Nar” 23 sentyabr – Beynəlxalq İşarət Dilləri Günü ilə əlaqədar “DanceAbility Azerbaijan” tərəfindən həyata keçirilən “Bütün Vücudlar Danışır” sənədli filminin Azərbaycan işarət dilinə tərcümə olunmasına dəstək göstərib.
Manset.az xəbər verir ki, sənədli filmdə “Bütün Vücudlar Danışır” layihəsinin
2024–2026-cı illərdəki fəaliyyəti və iştirakçıların şəxsi təcrübələri əks
olunub. Filmin nümayişi “Gənclik Mall” Ticarət
Mərkəzində yerləşən “CineMastercard” kinoteatrının dəstəyi ilə baş tutub.
Tədbirdə çıxış edən “Nar”ın baş icraçı direktoru
Özgür Genc bildirib: “Bu gün nümayiş olunan filmin Azərbaycan işarət dilində təqdim
edilməsi inklüzivliyin digər mühüm tərəfi olan əlçatanlığı ön plana çıxarır. Çünki inklüziv cəmiyyət hər
kəsin iştirakına şərait yaratmaqla yanaşı, məlumat və mədəniyyətə bərabər
çıxışını da təmin etməlidir”. Daha
sonra “DanceAbility Azerbaijan”ın rəhbəri Nigar Sultanova və “CineMastercard”
kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə çıxış edərək, layihənin
inklüziv cəmiyyətin formalaşmasında və əlilliyi olan şəxslərin ictimai həyatda bərabər
iştirakının dəstəklənməsində əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, “Bütün Vücudlar Danışır” layihəsinin
2025-ci ilin dekabrında başlayan cari mərhələsində 311 nəfər iştirak edib.
Onlardan 102-si əlilliyi olan, 209-u isə əlilliyi olmayan şəxslərdir. Təşəbbüs əlilliyi
olan və olmayan şəxslərin birgə fəaliyyətini təşviq etməklə inklüziv cəmiyyətin
gücləndirilməsinə və əlillik mövzusunda ictimai məlumatlılığın artırılmasına
yönəlib. Bu məqsədlə rəqs məşğələləri, icma görüşləri, master-klaslar və digər
birgə fəaliyyətlər təşkil olunub. Layihədə iştirak etmək istəyən şəxslər qeydiyyat linki vasitəsilə müraciət edə
və ya “WhatsApp” üzərindən (+994 77 282 88 80) əlaqə saxlaya bilərlər.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı
İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun
arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya
dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı
və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.