"Heyvan tərəfindən zədələnməyə məruz qalmış şəxs dərhal yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə antirabik vaksin vurdurmalıdır".
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova açıqlayıb.
Onun sözlərinə görə, quduzluq xəstəliyinə qarşı həm uşaqlara, həm də böyüklərə eyni dozada antirabik vaksin vurulur:
"Tibb müəssisəsində həkim tərəfindən vaksinin istehsalçısının müəyyən etdiyi kursa uyğun müalicə təyin edilir. Belə ki, əgər dişləyən heyvan məlumdursa və 10 gün müddətində sağ qalıbsa, o zaman şərti müalicə kursu təyin edilir. Hazırda respublikada istifadə olunan vaksinə uyğun olaraq, şərti müalicə zamanı zərərçəkənə müraciət etdiyi gün, yəni 0-cı, həmçinin 3-cü və 7-ci günlərdə antirabik vaksin vurulur. Dişləyən heyvan naməlumdursa və ya məlum olsa belə, 10 gün müddətində ölübsə, o zaman qeyri-şərti müalicə kursu təyin olunur. Qeyri-şərti kurs zamanı müraciət edilən gün, yəni 0-cı gün, həmçinin 3-cü, 7-ci, 14-cü və 28-ci günlərdə antirabik vaksin vurulur. Bu peyvəndlərin hər biri əzələdaxilinə yeridilir".
A.Qurbanova qeyd edib ki, zədələnmənin lokalizasiyasından asılı olaraq, pasiyentə antirabik vaksinlə yanaşı, quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur:
"Belə ki, yuxarı lokalizasiyalı zədələnmələrdə və quduzluq diaqnozu təsdiqlənmiş heyvan dişləmələri hallarında antirabik immunoqlobulindən istifadə edilir. Bundan başqa, tetanus xəstəliyindən qorunmaq üçün xəsarət alana tetanus əleyhinə anatoksin vurulur. Vaksinasiyadan sonra aktiv immunitet 10-14 gün ərzində formalaşır və tam peyvənd kursundan sonra insanı 1 il müddətinə qoruyur".
Qeyd edək ki, respublika üzrə 2026-cı ilin ilk 8 ayı ərzində 35 105 heyvan dişləməsi hadisəsi qeydə alınıb. Onlardan 17 492-si məlum heyvanlar (it və pişik), 16 799-u isə naməlum heyvanlar (it, pişik və siçovul) tərəfindən törədilib.
Cari ilin ötən dövrü ərzində insanlar arasında bir quduzluq hadisəsi qeydə alınıb.