- Noyabrın 19-da Azərbaycan Dillər Universitetində “Bakıda Avstriya günləri” adlı tədbir keçirilib.
- Manset.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, bu cür mədəni və akademik görüşlər Azərbaycanla Avstriya arasında əlaqələrin inkişafına, xalqların mədəniyyətlərinin daha yaxından tanıdılmasına, eləcə də ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir.
Bildirilib ki, ADU-da
fəaliyyət göstərən Avstriya kitabxanası və mərkəzi iki ölkə arasında mədəni və
akademik əlaqələrin inkişafında mühüm rol oynayır. Kitabxana və mərkəz tələbə və müəllimlər üçün
Avstriya ədəbiyyatı, tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq, eləcə
də müvafiq mənbələrdən faydalanmaq imkanı yaradır.
Səfir, həmçinin tələbələrin Avstriya ilə bağlı biliklərinin artırılmasının və iki ölkə arasında akademik-mədəni mübadilənin genişləndirilməsinin vacibliyini qeyd edib.
ADU-nun Alman dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, dosent Qahirə Axundova, baş müəllim, Azərbaycan Alman dili müəllimləri birliyinin sədri Lətifə Qurbanova çıxışında alman dilinin tədrisinin inkişafı, bu sahədə müəllimlərin peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də Azərbaycan və Avstriya arasında təhsil və mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi məsələlərinə toxunublar.
Avstriya mədəniyyətinin və alman dilinin universitetdə təbliğinin tələbələrin dünyagörüşünün formalaşmasına və beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verdiyi vurğulanıb.
Vyana Universitetinin Alman filologiyası üzrə tədris proqramının rəhbəri Mixal Dvoretski çıxışında alman filologiyasının müasir tədris yanaşmalarından, dil və mədəniyyətin qarşılıqlı əlaqəsindən, eləcə də Avstriya universitetlərində alman dilinin tədrisi təcrübəsindən bəhs edib.
O, akademik əməkdaşlığın genişləndirilməsinin, tələbə və müəllim mübadiləsinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbir bədii hissə ilə
başa çatıb.