- Belçikanın paytaxtı Brüssel şəhərində Pan-Avropa Regional Şurasının (PARŞ) İcraiyyə Komitəsinin 24-cü iclası keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti də iştirak edib.
PARŞ-ın Baş
Katibi Ester Linç gündəlikdə duran məsələləri diqqətə çatdırıb, təşkilatın fəaliyyəti
və qarşıdakı dövr üçün prioritetləri barədə məlumat verib.
Tədbirdə
PARŞ-ın 2027-ci il üzrə Fəaliyyət Planı, Baş Assambleyasına hazırlıq, Qadınlar
və Gənclər komitələrinin hesabatları və maliyyə məsələləri nəzərdən keçirilib.
Həmçinin BHİK-in sosial dialoq üzrə sorğusunun nəticələri, 2027-ci il üzrə gündəliyi
və növbəti Qurultaya hazırlığın gedişi müzakirə olunub.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxışında ölkəmizdə həyata
keçirilən sosial-iqtisadi islahatlar, o cümlədən əmək hüquqlarının qorunması
sahəsində görülən işlər barədə məlumat verib.
Azərbaycan həmkarlar
ittifaqları tərəfindən bu istiqamətdə reallaşdırılan tədbirlər barədə danışan
Konfederasiya sədri beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib,
yeni çağırışlar fonunda ölkələrin həmkarlar ittifaqları arasında əlaqələrin
gücləndirilməsinin, birgə yanaşmaların formalaşdırılmasının və qabaqcıl təcrübələrin
tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.
Çıxışda beynəlxalq
əmək standartlarının, o cümlədən BƏT-in konvensiyalarının tələblərinin milli
qanunvericilikdə nəzərə alınmasının, qadınların və gənclərin həmkarlar
ittifaqlarının fəaliyyətində, kollektiv danışıqlarda və qərarların qəbulunda fəallığının
artırılmasının önəmi vurğulanıb.
İclasda gündəlikdəki
məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.
Səfər çərçivəsində
PARŞ-ın Baş Katibi və bir sıra ölkələrin həmkarlar ittifaqları təşkilatları ilə
görüşlər nəzərdə tutulub.