Tarix boyu irrasional qüvvələr xaosun tərəfdarı kimi çıxış ediblər. Bu siyasi “mədəniyyət” Azərbaycandakı radikal müxalifətin də eyni məslək və xislətə malik olmasında özünün təsdiqini tapmaqdadır. Azərbaycanda daim yeni siyasi ab-havanın, demokratik islahatların, ələxsus da siyasi partiyaların daha azad və şəffaf gəaliyyətini təmin edən demokratik seçki qanunvericiliyinin təkmilləşdirilməsinə baxmayaraq, irrasional qüvvələrin bu yeniləşməyə qarşı aqressiyasını, əsassız və qəbuledilməz iddilarını görmüşük. Bunu son bir il ərzində “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu zamanı da müşahidə etdik. Yeni Qanun partiyalar üçün demokratik fəaliyyət meyarlarını təsbit etməyinə baxmayaraq , radikallar cəmiyyətdə ucuz şou yaratmağa çalışaraq seçki qanunvericliyinin təkmilləşdirilməsinin guya siyasi fəaliyyəti məhdudlaşdırdığını , onların qeydiyyatı və reyestri üçün maneələr yaratdığını iddia edirdi. Ancaq siyasi partiyaların qeydiyyatının, eləcə də radikalların özünün reyestrinin təsdiq olunması bir daha Azərbaycanda demokratik mühitin tam təmin olunduğunu və radikal müxalifətin ittihamlarının əbəs olduğunu təsdiqlədi.
Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Millət vəkili qeyd edib ki, radikal partiyaları yeni Qanunda ən çox qorxudan amil məhz 5 min tərəfdarların imzalarının toplanması olub. Müxalifətin lideri statusuna iddialı olan partiyanı 5 min imza toplamaq qorxudur. Sözügedən obyektiv həqiqət bu partiyaların həqiqi potensialını ifşa edir. 5 min imza məsələsi bəzi partiyaları ifşa və məyus etdi. Yeni Qanunun qüvvəyə minməsi nəticəsində Azərbaycan ictimaiyyəti bəzi ambisiyalı partiyaların həqiqətdə hansı potensiala malik olduqlarına şahidlik etdi. Bu partiyalar illər ərzində heç bir əsaslı iş görmədikləri üçün adi hüquqi və inzibati proseduralardan keçmək belə çətinlik çəkirlər. Ona görə də sıradan bir inzibati prosedurdan keçməkdə çətinlik çəkən partiyalar heç bir halda bütün xalqın adından danışa bilməz.
A.Hüseynovun sözlərinə görə, radikalların bütün ittihamları boşa çıxmaqla cəmiyyətdə bir daha özlərini biabır etdilər, eləcə də onların siyasi ritorikasından doğan növbəti saxtakarlıqlar özləri arasında da gərginliyə səbəb oldu. Partiyaların reyestrindən sonra onların bir-birlərini qeyri-siyasi əxlaq davranışında ittiham etməsi də bunu göstərir. Bəzi partiyaların üzvlərinin reyestrinin təsdiqi radikal düşərgədə yeni qalmaqallara səbəb oldu. “Mühacirətdə olan” anti-milli və xain qüvvələr indi də illər ərzində müdafiə etdikləri partiyaları satqınlıqda günahlandırırlar. Bu, bir daha onların siyasi əxlaqının təzahürüdür.