2016-cı ildə supermarketdə baş verən silahlı soyğunçuluq hadisəsində ittiham olunaraq 85 il müddətinə azadlıqdan məhrum edilən inşaat işçisi Hüseyn Aydəmir günahsız olduğu sübuta yetirildikdən sonra azadlığa buraxılıb.
Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hadisə zamanı müştərilər və işçilər tərəfindən tanınıb saxlanılan Aydəmir həmin vaxt Muş şəhərində olduğunu iddia etsə də, bunu sübuta yetirə bilmədiyi üçün uzunmüddətli həbs cəzasına məhkum edilmişdi.
Onun vəkili illərlə davam edən hüquqi mübarizə nəticəsində yenidən aparılan istintaqda Aydəmir və əsl cinayətkarın qulaq quruluşlarının fərqli olduğu ortaya çıxıb.
Bu fakt əsas götürülərək məhkəmə hökmü ləğv edilib və Hüseyn Aydəmir 8 il sonra azadlığa çıxıb. 31 yaşında həbsə düşən, 39 yaşında isə azadlığa çıxan Aydəmir 17 milyon lirə məbləğində təzminat tələbi ilə məhkəməyə müraciət edib.