Kabarda-Balkariyada (RF) Elbrus dağında əvvəllər itkin düşmüş hesab olunan üç alpinistin meyiti tapılıb.
Manset.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.
Məlumata görə, Bosniya və Herseqovinadan olan təcrübəli alpinistlər qrupunda ümumilikdə yeddi nəfər olub, onlardan yalnız ikisi xilas edilib.
"İstintaqın versiyasına görə, iyulun 24-də xarici dövlət vətəndaşı olan yeddi alpinistdən ibarət qrup Elbrus dağına dırmaşırdı. Növbəti günün axşamı hava şəraitinin sürətlə pisləşməsi səbəbindən qrup marşrutdan azıb. Alpinistlərdən biri dağdan enərək iki iştirakçının 5,1 min metr hündürlükdə özlərini pis hiss etdiklərini və vəfat etdiklərini bildirib. Sonradan xilasedicilər tərəfindən sağ qalan daha bir alpinist və vəfat etmiş daha üç alpinistin meyiti aşkar edilib", - məlumatda bildirilir.
19:43
Rusiyanın Elbrus dağında güclü fırtınaya düşən beş bosniyalı alpinistin həyatını itirdiyi bildirilir.
Manset.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın alpinizm xilasetmə xidməti məlumat yayıb.
Bildirib ki, yeddi nəfərlik qrup Elbrusda əlverişsiz hava şəraitinə yaxalanıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qrupun iki üzvü dağdan təxliyə edilərək tibbi yardım üçün xəstəxanaya aparılıb.
Xilasedicilər təxminən 5350 metr yüksəklikdə iki alpinistin cəsədini aşkar ediblər. Cəsədlərin hava şəraiti imkan verdikdə dağdan endiriləcəyi bildirilib. Daha üç alpinistin axtarışı isə davam edir.
Rusiya mediasının məlumatına görə, bölgədə güclü küləklə müşayiət olunan əlverişsiz hava şəraiti axtarış və xilasetmə işlərini əhəmiyyətli dərəcədə çətinləşdirir.
5642 metr hündürlüyə çatan Elbrus Rusiya ilə Gürcüstan sərhədinin şimalında yerləşir və Avropanın ən yüksək zirvəsi hesab olunur. Dağ hava şəraitinin və dırmanma şərtlərinin qəfil dəyişməsi ilə tanınır.
Bosniya mediasının yazdığına görə, ekspedisiyanın yeddi üzvü ölkənin mərkəzində yerləşən Zenitsa şəhərinin sakinləri olub. Qrupun tərkibində evli cütlük və yerli xəstəxanada çalışan həkim də olub.
Xilasedicilər itkin düşən alpinistlərin axtarışını hava şəraiti yaxşılaşdıqca davam etdirəcəklər.