Adı açıqlanmayan Avropa ölkəsində baş verən hadisələrdən bəhs edən filmdə amerikalı bir "özbaşına ədalət carçısı" (vigilante) onlarla polis əməkdaşını və bir hakimi öldürür, zorakı cinayətkar dəstəni məhv edir, eyni zamanda bir qaçqın ailəsi və təsadüfi bir mülki şəxsin ölümünə səbəb olur. Bütün bunlar müsəlman miqrantlara və "woke" (sosial ədalət və siyasi korrektlik məsələlərinə həddindən artıq həssaslıq nümayiş etdirən) hökumət rəsmilərinə qarşı mübarizə adı altında təqdim edilir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, alman rejissor Uve Bollun ekranlaşdırdığı və baş rolda Armi Hammerin çəkildiyi "Citizen Vigilante" filmi zorakılıq səhnələri ilə diqqət çəksə də, tənqidçilər tərəfindən səviyyəsiz və bəsit ekran işi kimi qiymətləndirilir.
Filmin əvvəlcə Almaniyanın kino tənzimləyici orqanı tərəfindən yaş məhdudiyyəti reytinqi almadığı bildirilir. Eyni zamanda qeyd olunur ki, əgər dünyanın ən varlı insanı İlon Maskın diqqətini çəkməsəydi, film böyük ehtimalla geniş auditoriyanın marağına səbəb olmayacaqdı.
İlon Mask iyunun sonunda filmi özünün X sosial media platformasında 48 saat müddətinə pulsuz izləmək imkanı yaradıb. Bundan sonra film qısa müddətdə Apple və Amazon daxil olmaqla bir sıra yayım platformalarının reytinq siyahılarında ön sıralara yüksəlib.
Mask daha sonra filmlə bağlı paylaşımında ekran əsərindəki "özbaşına ədalət" naminə törədilən qətlləri miqrantların törətdiyi zorakı cinayətlərə verilən "mülayim cavab" kimi xarakterizə edən fikirlərə yer verib.
Bu addım texnologiya milyarderinin son dövrlərdə ekstremal baxışlara malik qruplara və fəallara, xüsusilə də Avropadakı sağçı siyasi partiya və siyasətçilərə artan marağının növbəti nümunələrindən biri kimi qiymətləndirilir.
Mask bir ildən artıq əvvəl Tramp administrasiyasındakı fəaliyyətini başa vurub. ABŞ federal hökumətinin ölçüsünü kəskin şəkildə azaltmağı hədəfləyən DOGE təşəbbüsünün isə sonradan dayandırıldığı bildirilir.