Meksikalı sosial media fenomeni Sezar Qastelum dostları ilə birlikdə "TikTok" platformasında canlı yayım etdiyi zaman motosikletlə hadisə yerinə gələn iki silahlı şəxsin hücumuna məruz qalaraq həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Meksikanın Sinaloa ştatının Kuliakan şəhərində baş verib.
Məlumata görə, Qastelum dostları ilə birlikdə "fastfood" restoranının qarşısında canlı yayım etdiyi vaxt motosikletlə yaxınlaşan iki nəfər ona atəş açıb. Fenomen baş nahiyəsindən güllə yarası alaraq hadisə yerində ölüb.
Hadisənin görüntülərində eyni motosikletdə olan, dəbilqə taxmış iki nəfərin Qasteluma yaxınlaşaraq birbaşa onu hədəfə aldığı əks olunub.
Sinaloa ştatının təhlükəsizlik üzrə məsul rəsmisi hadisə ilə bağlı genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlanıldığını açıqlayıb.