Avropa İttifaqı (Aİ) Komissiyası Rusiyanın Ukraynaya hücumlarına görə üzv ölkələrin qəbul etdikləri yeni sanksiyalar paketinin təfərrüatları ilə bağlı açıqlama yayıb.
Manset.az xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı dördüncü sanksiyalar paketi çərçivəsində ölkənin enerji sektoruna yeni investisiyaların qoyulmasını və dəbdəbəli məhsulların ixracını qadağan edir.
Müvafiq olaraq, Rusiyanın müxtəlif sektorlarında, məsələn, hərbi sənayedə dövlət müəssisələri ilə heç bir əməliyyat aparıla bilməz.
Rusiyadan dəmir-polad məmulatlarının idxalına qadağa qoyulacaq.
Kremlə bağlı oliqarxlar, müdafiə sahəsindəki şirkətlər sanksiyalar siyahısındadır
Qadağaya görə Rusiyanın 3,3 milyard avro gəlir itirəcəyi gözlənilir. Bu sahədə idxal kvotaları digər üçüncü ölkələrə paylanmaqla kompensasiya ediləcək.
Rusiyanın enerji sektorunda yeni investisiyalara qadağa qoyulacaq. Mülki nüvə enerjisi və bəzi enerji məhsullarının Aİ-yə daşınması üçün istisnalar olacaq.
Rusiyaya lüks avtomobillər və zinət əşyaları kimi məhsulların ixracı qadağan ediləcək, dezinformasiyada fəal rol oynayan şəxslər və müdafiə sahəsində şirkətlər sanksiyalar siyahısına əlavə olunacaq.
Aİ-də kredit reytinqi agentlikləri tərəfindən Rusiya şirkətlərinin reytinqinə qadağa qoyulacaq. Bu qadağa Rusiya firmalarının Aİ maliyyə bazarlarına çıxışını daha da itirməsinə səbəb olacaq.
Rusiyanın “ən əlverişli ölkə” statusu rədd ediləcək, Rusiya məhsul və xidmətləri bu statusdan faydalana bilməyəcək və Rusiyanın Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü kimi imkanları dayandırılacaq.
Son sanksiyalar paketi çərçivəsində dəyəri 300 avrodan çox olan kürü, içkilər, siqaret, elektron cihazlar, ətirlər, çantalar, paltolar, kostyumlar, ayaqqabılar, köynəklər, brilyantlar, qızıl və qiymətli daşlar kimi məhsulların Rusiyaya daşınmasının qadağan edilməsi gözlənilir.
Sözügedən sanksiyalar Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.