Avropa Parlamentinin seçki qanununa dəyişiklik edilir

10:11 - 04 May 2022

Avropa Parlamentinin seçki qanununa dəyişiklik edilir

Avropa İttifaqı ölkələrində Avropa Parlamentinə keçirilən seçkilərlə bağlı qanunda islahatların aparılmasını nəzərdə tutan təklif Avropa Parlamentinin deputatları tərəfindən qəbul edilib.

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Parlamentində (AP) keçirilən səsvermədə 262 deputatın əleyhinə 323 deputatın səsi ilə qəbul edilən yeni “Avropa Seçki Qanunu” təklifində yeni deputatlar, səsvermə və seçki yaşı, səsvermə üsulları kimi bəzi yeniliklər yer alıb.

Buna görə seçicilər Avropa Parlamenti seçkilərində iki seçki qutusunda səslərini verəcəklər. Bu iki seçki qutusundan biri Avropa İttifaqı (Aİ) ölkələrindən AP deputatlığına namizədlər, digəri isə bütün Avropadan olan namizədlər üçün yaradılacaq. 

Başqa sözlə, bir Aİ ölkəsində seçicilər başqa bir Aİ ölkəsində Avropa parlamenti vəzifəsinə namizəd olan siyasətçiyə səs verə biləcəklər. 

705 yerlik AP-yə “Avropa deputatı” seçiləcəklər üçün parlamentə əlavə 28 yer əlavə olunacaq.

Bundan əlavə, Aİ vətəndaşlarına Aİ Komissiyası sədrinin təyin edilməsində daha çox söz haqqının verilməsi hədəflənir. 

Bunun üçün Avropa siyasi partiyaları Aİ Komissiyasının sədrliyinə öz namizədlərini müəyyən edəcəklər. 

AP seçkilərində ən çox səs toplayan siyasi partiyanın namizədi Aİ Komissiyasının sədri olacaq.

Bunlardan başqa, Avropa İttifaqının bəzi ölkələrində AP-yə qadın deputat seçilmədiyi üçün gender bərabərliyini təmin etmək üçün kvota tətbiqi ediləcək.

Deputatların qəbul etdiyi təklifdə həmçinin AP seçkilərini daha “Avropalı” etmək üçün bütün üzv ölkələrdə AP seçkilərinin 9 May Avropa Günündə keçirilməsi, seçki yaşının 18 olması, 60-dan çox deputat göndərən dairələrdə 3,5 faiz baryerin tətbiqi və poçtla səsvermə imkanı kimi maddələr də var. 

Təklifin qanuni olması üçün 27 üzv dövləti təmsil edən Avropa Şurası tərəfindən yekdilliklə təsdiqlənməlidir.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az