Rusiyanın tanınmış millətçi və kremlpərəst siyasətçisi Aleksandr Duqinin qızı Darya Duqinanın Moskva yaxınlığındakı Odintsovo şəhərində öldürülməsindən sonra Ukrayna gərgin hücumlara qarşı hazırlaşır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Rusiya raketlərinin çərşənbə günü qeyd edəcəyi müstəqillik günündə ölkəni vura biləcəyindən narahatdır.
Rusiya Qara dənizdə qanadlı raketlər daşıya bilən beş hərbi gəmi və sualtı qayıq, eyni zamanda Belarusda hava hücumundan müdafiə sistemlərini yerləşdirib.
Kiyevdə hücum ehtimalı səbəbindən bazar ertəsindən etibarən 4 gün ərzində insanların kütləvi toplanması qadağan edilib.
Ukrayna ordusu həmçinin Rusiyanın avqustun 22-dən 25-dək sərhədyanı rayonlarının hava məkanını bağladığını bildirib.
Duqinanın öldürülməsindən sonra gərginliyin daha da artacağı gözlənilir.