“Rusiya işğalçıları, yəqin ki, Zaporojye atom elektrik stansiyasında yanğın təxribatı hazırlayırlar. Bunun üçün stansiyanın ərazisinə külli miqdarda avtomobil yanacağı yerləşdirilib”.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Spilna Sprava” ictimai hərəkatının koordinatoru Oleksandr Danilyuk öz “Facebook” hesabında yazıb. O, Zaporojye AES-dəki Ukrayna kəşfiyyatı mənbələrinə istinadən bu məlumatı verib.
Yanacaq tədarükündən əlavə, rusiyalı hərbçilərin digər fəaliyyətləri də təxribatın hazırlandığını göstərir.
“Bunu stansiyaya RKBM-nin (radiasiya, kimyəvi və bioloji mühafizə qoşunları) əlavə bölmələrinin göndərilməsi də göstərir”, - deyə o qeyd edib.
Bundan əvvəl avqustun 11-də Prezident Volodimir Zelenski bildirib ki, Rusiyanın Ukrayna ərazisinə atdığı qanadlı raketlərin trayektoriyası təsadüfən Ukrayna AES-in üzərindən keçmir. Dövlət başçısının sözlərinə görə, Rusiya Zaporojye AES-də tarixdə ən böyük radiasiya qəzasını törədə bilər.
Avqust ayında Rusiya hərbçiləri işğal etdikləri Zaporojye AES-i bir neçə dəfə atəşə tutublar. Eyni zamanda rusiyalı hərbçilər AES-də hərbi anbar yaradıb və orada nüvə bölmələri arasında ağır artilleriya gizlədiblər.
Bundan əlavə, Rusiya tərəfi ərazinin minalanmış olduğunu, eyni zamanda stansiyanın partladılmasının mümkün olduğu bildirib.
Avqustun 18-də isə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Zaporojye AES-də rusiyalılar tərəfindən genişmiqyaslı terror aktının törədilməsi ehtimalının yüksək olduğunu bəyan edib.