Rusiya və Çini təhdid kimi görən ölkələr F-35 üçün ABŞ-nin qapısını döyməkdə davam edir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniya hökumətinin ABŞ-dən Tornado təyyarələri əvəzinə 35 ədəd F-35 döyüş təyyarəsi alacağı açıqlanıb.
Alman ordusu 100 milyard avroluq yeni modernləşdirmə proqramı çərçivəsində hava qüvvələrini F-35 döyüş təyyarələri ilə təchiz etmək istəyir.
Rusiyanın Ukraynaya hücumundan sonra Almaniya kansleri Olaf Şolz ordunun (Bundesver) modernləşdirilməsi və gücləndirilməsi üçün 100 milyard avro ayrılacağını və müdafiə xərclərinin artırılacağını açıqlamışdı.
Almaniyadan sonra Yunanıstanın müdafiə naziri Nikolaos Panagiotopoulos ABŞ-nin müdafiə naziri Lloyd Ostindən Yunanıstana F-35 döyüş təyyarələri satmağı xahiş edib.
Yunanıstan naziri Rusiyanı təcavüzkar kimi qələmə verərkən, bu ölkəyə qarşı hər cür addımı atmağa və Ukraynaya hər cür yardım etməyə hazır olduqlarını bildirib.
Rusiyanın Ukraynaya hücumundan sonra Şərqi Avropa ölkələri də müdafiənin modernləşdirilməsini sürətləndirib.
Çexiya hökuməti ABŞ-dən F-35 və İsveçdən “CV90” almaq üçün hazırlığa başlayıb.
Finlandiya hökuməti ABŞ-dən 64 ədəd F-35 döyüş təyyarəsi alacaqlarını bəyan etmişdi.
Hətta İsveçrə də F-35 almaq üçün hərəkətə keçib. İsveçrədə F-35 müzakirələri sürətlə davam edərkən, ölkə ABŞ-dən F-35 alıb-almayacağına dair referenduma gedəcək.
Yaponiya Şimali Koreya və Çinin qarşısını almaq üçün inventarına 147 F-35 əlavə etmək istəyir. Yapon pilotları ABŞ ilə birgə təlimdə F-35 təlimi keçib.
Böyük Britaniya, Danimarka, İtaliya, Hollandiya və İsrail artıq F-35 donanmasına sahib olan ölkələrdir.