Belçikanın paytaxtı Brüsseldə yeni tikilən həbsxanada 55 belçikalı hakim və prokuror həbs edilən ilk məhbuslar olublar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Belçikanın Harren bölgəsində yeni açılan həbsxanaya baş çəkən 55 hakim və prokuror həbsxana şəraitində yaşamaq, həbs edilən insanların hansı vəziyyətlərlə üzləşdiyini görmək istədikləri üçün “iki günlük könüllü məhbus” olub.
Ədliyyə naziri Vincent van Quickenborne, bu təcrübə ilə məhkəmə sisteminin daha möhkəm əsaslarla cəza verməsinin mümkün olacağını söyləyib.
Həbsxana şəraitinin mümkün qədər real olması üçün tədbirlər görülüb.
Hakimlər və prokurorlar üçün mobil telefonlar qadağan olunub. Mühafizəçilər normal məhbuslarla necə rəftar edirdisə, elə davranıb.
Onlar adi məhbuslarla eyni kameralara salınmayıb və istəyən istənilən vaxt həbsxananı tərk edə bilər.
Lakin onların həbsi bazar günü günortaya qədər davam edəcək. Yeni həbsxana sentyabrın sonunda ilk həqiqi məhbuslarını qəbul etməyə başlayacaq.