Azərbaycanın çimərlik futbolu millisinin bu ay yoldaşlıq görüşləri keçirməyi planlaşdırdığı Rusiyanın “Krasnodar” klubu maliyyə problemləri ilə üzləşdiyinə görə Bakıya gələ bilməyib.
Bu barədə Manset.az-a Azərbaycan millisinin baş məşqçisi Sahib Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Rusiya komandası maliyyə problemləri səbəbindən Azərbaycana səfər edə bilməyib:
“Maliyyə problemləri səbəbindən “Krasnodar” Bakıya gələsi olmadı. Ona görə də nəzərdə tutulan 3 yoldaşlıq matçı (12, 14, 16 may) baş tutmayacaq”.
Mütəxəssis İspaniyada keçiriləcək Avropa çempionatının I mərhələsinə hazırlıq haqda da fikirlərini bildirib:
“Həftədə 5 gün məşqlərimiz olur. Heyətdə ciddi dəyişiklik yoxdur. Region Liqasından götürdüyümüz oyunçular özlərini doğrultmadılar. Qalan futbolçularla yola davam edəcəyik. Avropa çempionatına az vaxt qalıb, elə əvvəlki heyətlə yollanacağıq”.
Qeyd edək ki, milli Avropa çempionatının I seçmə mərhələsinin A qrupunda Litva, İngiltərə və Belçika ilə mübarizə aparacaq. Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Mariya şəhərində keçiriləcək.