İki ildən sonra “Qalatasaray”ın transfer ssenarisi yenidən təkrarlanır.
Manset.az türk mediasına istinadən xəbər verir ki, 2022/2023 mövsümündə Fransa nəhəngi PSJ-dən icarəyə götürülən Mauro İkardi sarı-qırmızılıların heyətinə qoşulub. Argentinalı hücumçu həmin mövsüm göstərdiyi performansla çempionluqda mühüm rol oynayıb. Həm meydandakı oyunu, həm də meydandan kənarda göstərdiyi davranışlarla azarkeşlərin rəğbətini qazanan İkardi üçün fanatlar klub rəhbərliyinə çağırışlar ediblər.
2023-cü ilin yayında azarkeşlər sosial şəbəkələrdə və stadion tribunalarında “Qardaş, Erden bizim üçün İkardini al” şüarları ilə çıxış edərək transferin baş tutmasını istəyib. Nəticədə, “Qalatasaray” futbolçunun transfer hüququnu PSJ-dən 10 milyon avroya almış və onunla 3 illik müqavilə imzalayıb.
Oxşar vəziyyət bu dəfə Viktor Osimhenlə yaşanır. Mövsümün əvvəlində “Napoli”dən icarəyə götürülən nigeriyalı hücumçu artıq azarkeşlərin sevimlisinə çevrilib.
Sarı-qırmızılı azarkeşlər ötən həftədən etibarən sosial mediada “Bizimlə qal, Osimhen” kampaniyasına start verib. Həmçinin, “Qalatasaray”ın “Trabzonspor”la qarşılaşdığı Ziraat Türkiyə Kubokunun finalında tribunalar bu şüarlarla səslənib.
Final matçında “Qalatasaray” tərəfdarları klub prezidenti Dursun Özbəyə səslənərək “Azarkeşlər ağlını itirib, Osimhen istəyirlər” şüarları səsləndiriblər. Həmin anda ehtiyat oyunçular skamyasında əyləşən Osimhen bu reaksiyaya biganə qalmayıb və komanda yoldaşı Əhməd Kutucudan nə baş verdiyini soruşub. Ardınca o, azarkeşləri alqışlamaq üçün yerindən qalxaraq jest edib.
Nigeriyalı forvard fanatların dəstəyindən təsirləndiyini bildirib:
Osimhen gələcəyi ilə bağlı isə belə deyib: “Mövsümün sonunda böyük bir qərar verməliyəm”.
Qeyd edək ki, Viktor Osimhen bu mövsüm vurduğu 35 qolla Mario Jardelin Türkiyədə bir mövsümdə vurduğu 34 qolluq rekordu geridə qoyub.