Karlo Ançelotti dönəmində "Real Madrid"də əsas heyətdə şans qazanmaqda çətinlik çəkən Arda Gülərin növbəti mövsümdəki planları ilə bağlı maraqlı iddia ortaya atılıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Real Madrid"in La Liqa çempionluğunu "Barselona"ya uduzmasının ardından mövsümün sonunda baş məşqçi Karlo Ançelotti ilə yollarını ayıracağı açıqlanıb.
Bu dəyişiklik fonunda Arda Gülərin Madrid klubundakı gələcəyi ilə bağlı diqqətçəkən məqamlar yaşanır.
İddialara görə, əgər Ançelotti komandada qalsaydı, gənc türk futbolçusu gələn mövsüm icarəyə getməyi planlaşdırırdı. Lakin italyan mütəxəssisin Braziliya milli komandası ilə müqavilə imzalaması Ardanın vəziyyətini dəyişib.
İspaniyanın “OK Diario” nəşrinin yaydığı xəbərə əsasən, "Real Madrid"in yeni baş məşqçisi postuna Xabi Alonsonun gətirilməsi demək olar ki, rəsmiləşib. Məhz bu qərar Ardanın da mövqeyini dəyişib.
Məlumata görə, ispan mütəxəssis Arda Gülərin komandada qalmasını istəyir və onun yaxın illərdə dünya səviyyəli futbolçuya çevriləcəyinə inanır. Bu amil isə türk futbolçunun qərarına ciddi təsir edib. Artıq Arda Gülərin "Real Madrid"də qalmaq və uğur qazanmaq istədiyi bildirilir.
Xəbərdə həmçinin vurğulanıb ki, Xabi Alonso daha əvvəl Leverkuzen dönəmində Ardanı icarəyə götürmək istəyib, lakin bu baş tutmayıb. İndi isə Arda Gülərin Alonso ilə birlikdə çalışacağı və bu mövsümün onun üçün "böyümə ili" olacağı qeyd olunub.