İçərişəhərin Qız Qalası və Şirvanşahlar Sarayı Kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyi münasibətilə yubiley tədbiri təşkil olunub.
Manset.az xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyi, memarlıq və mədəniyyət sahəsinin
tanınmış şəxsləri, ictimai xadimlər və media nümayəndələri iştirak edib.
“İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Rüfət Mahmud tədbirdə
çıxış edərək dekabrın 2-də bu unikal irs nümunəsinin UNESCO-nun Ümumdünya İrs
Siyahısına daxil edilməsinin 25 ili tamam olduğunu, yubileyin təkcə əlamətdar
tarix deyil, eyni zamanda görülən işlərə nəzər salmaq, əldə olunan nəticələri
qiymətləndirmək üçün mühüm fürsət olduğunu vurğulayıb. “UNESCO-nun Ümumdünya
İrs Siyahısına daxil edilmək hər bir ölkəyə göstərilən nadir və yüksək etimad
nümunəsidir, çünki bu siyahıya müstəsna ümumbəşəri dəyərə malik mədəni irs
obyektləri salınır. İçərişəhər insan yaradıcılığının dahiliyinin görkəmli nümunəsi
və müxtəlif tarixi dövrləri, mədəni təsirləri özündə birləşdirən nadir şəhərsalma
məkanı kimi beynəlxalq səviyyədə tanınıb”-deyə sədr bildirib.
Çıxışında
Rüfət Mahmud xüsusi olaraq vurğulayıb ki, İçərişəhərin UNESCO-nun Ümumdünya İrs
Siyahısına daxil edilməsi Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə,
onun milli-mədəni irsin qorunmasına göstərdiyi xüsusi diqqət və uzaqgörən siyasəti
nəticəsində mümkün olub. O, əlavə edib ki, bu gün də İçərişəhərin qorunması və
inkişafı istiqamətində işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ardıcıl şəkildə davam
etdirilir.
Tədbirdə çıxış edən rəsmi qonaqlar İçərişəhərin tarixi şəhər kimi qorunması, mədəni turizm mərkəzi kimi inkişaf etdirilməsi və gələcək nəsillərə estetik görünüşünün bütöv şəkildə ötürülməsinin vacibliyi vurğulayıb. Qeyd olunub ki, İçərişəhərin qorunması yalnız ayrı-ayrı abidələrin saxlanılması deyil, həm də burada formalaşmış həyat tərzinin, ənənələrin və tarixi şəhər mühitinin davamlılığını təmin etməkdən ibarətdir.
Bakının
tarixi mərkəzi olan İçərişəhər minilliklər boyu formalaşmış zəngin mədəni irsi,
unikal şəhərsalma quruluşu və nadir memarlıq nümunələri ilə seçilir. Xəzər dənizi
sahilində yerləşən və 22 hektar ərazini əhatə edən bu qədim yaşayış məkanı orta
əsrlər Azərbaycan şəhər mədəniyyətinin günümüzədək qorunub saxlanılmış nadir
nümunələrindəndir.
Məhz
bu tarixi-memarlıq bütövlüyü, autentikliyi və universal dəyəri nəzərə alınaraq,
İçərişəhər 2000-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Sonda
bu əlamətdar hadisənin 25 illiyi münasibətilə beynəlxalq tərəfdaşlarımız tərəfindən
ünvanlanmış təbrik videoları nümayiş olunub.
Yubiley
musiqili proqram ilə davan etdirilib.