Azərbaycançılıq ideyası milli kimliyin, birliyin və vətənə bağlılığın təməl prinsiplərindən biridir. Bu ideya bütün azərbaycanlıların vətən sevgisi, dilinə, mədəniyyətinə və tarixinə bağlılığı üzərində formalaşır. Azərbaycançılıq təkcə etnik mənsubiyyəti deyil, Azərbaycan Respublikasının vətəndaşı olan hər kəsi əhatə edən bir dəyər sistemidir.
Bu ideyanın təbliği və qorunması həm dövlət, həm də cəmiyyət üçün böyük əhəmiyyət kəsb edir. Hər bir vətəndaşın şəxsi məsuliyyəti də bu ideyanın yaşadılması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Azərbaycanın gələcəyi Azərbaycançılıq ideyasına sadiq, savadlı və vətənpərvər nəsillərin yetişməsindən asılıdır.
Mövzu ilə bağlı Manset.az-a danışan deputat Arzuxan Əlizadə bildirib ki, müstəqil Azərbaycanın mövcudluğu, inkişafı və daha da güclənməsi naminə hər birimiz öz sahəmizdə lazımi addımları atmalıyıq:
"Azərbaycan bizim doğma vətənimizdir. Bu kontekstdə azərbaycançılıq ideologiyasının təbliği mühüm əhəmiyyət kəsb edir. Həm dövlət səviyyəsində, həm də cəmiyyətin müxtəlif sferalarında bu ideologiyanın təşviqi zəruridir. Xüsusilə də uşaqlıqdan, gənclik dövründən başlayaraq gənclərimizə və orta nəsil nümayəndələrinə azərbaycançılıq dəyərlərinin aşılanması vacibdir.
Şükürlər olsun ki, Azərbaycan gənci və xalqı dövlətimizin mövcudluğu və güclənməsi üçün daim əlindən gələni edir. Bunu biz xüsusilə də İkinci Qarabağ Müharibəsi zamanı bir daha gördük. Uşaqdan böyüyə qədər hər kəs dövlətimizin qüdrətini artırmaq, torpaqlarımızı işğaldan azad etmək və suverenliyimizi bərpa etmək üçün bütün imkanlarını səfərbər etməyə hazır olduqlarını nümayiş etdirdilər".
Deputat qeyd edib ki, bir zamanlar müəyyən narahatlıqlarımız var idi:
"Xüsusilə də kütləvi informasiya vasitələrində, televiziyada vətənpərvərlik və azərbaycançılıq ideologiyasının lazımi səviyyədə təbliğ olunmaması bizi düşündürürdü. Bəzən milli dəyərlərimizə və mentalitetimizə uyğun olmayan verilişlərin efirə verilməsi gənclərin dövlətçilik ruhunda tərbiyə olunmasına mənfi təsir göstərə bilərdi.
Lakin sevindirici haldır ki, bu ideologiya xalqımızın gen yaddaşında möhkəm yer tutub. Bu bizi bir qədər rahatlaşdırsa da, bu sahədə işlərimizi davam etdirməliyik. Azərbaycançılıq ideologiyası bütün təbliğat vasitələri ilə cəmiyyətə aşılanmalıdır. Gənclərimiz vətənpərvərlik və azərbaycançılıq ruhu ilə silahlanmalıdır. Hər bir sahədə bu ideologiyanın möhkəmləndirilməsi istiqamətində konkret addımlar atılmalıdır".
Arzuxan Əlizadə onu da vurğulayıb ki, cəmiyyətin bütövlükdə azərbaycançılıq ideologiyası ilə silahlanması üçün hər kəs öz fəaliyyət sahəsində üzərinə düşən məsuliyyəti dərk etməlidir:
"Gənc nəsil Azərbaycan dövlətinin güclənməsi, demokratik institutların inkişafı, milli və dövlətçilik dəyərlərinin möhkəmləndirilməsi istiqamətində fəal olarsa, dövlətimiz daha da güclü olar. Bu baxımdan müəyyən işlər görülür, lakin bu istiqamətdə fəaliyyət daha da gücləndirilməlidir. Bir daha qeyd edirəm ki, hər kəs öz sahəsində gərəkən addımları atmalıdır ki, uğurlu nəticələr əldə olunsun".
Seyranə Quliyeva
6.3.9. Azərbaycançılıq ideyasının təbliği;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb