Azərbaycanın vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu bir-birini tamamlayan, milli inkişafın təməl daşlarıdır. Bu prosesdə vətəndaşların aktiv iştirakı və hüquqlarının təmin olunması dövlət idarəçiliyinin şəffaflığını artırır. Hüquqi dövlətin formalaşması üçün qanunvericilik sistemi vətəndaş cəmiyyətinin ehtiyaclarını əks etdirməli, hər kəs üçün bərabər hüquqlar yaratmalıdır. Eyni zamanda, vətəndaş cəmiyyəti dövlətin fəaliyyətini nəzarət altında saxlamaqla, demokratik dəyərlərin inkişafına təkan verir. Beləcə, Azərbaycan həm hüquqi çərçivəni möhkəmləndirir, həm də cəmiyyətin sosial ədalətə əsaslanan inkişafına zəmin yaradır.
Mövzu ilə bağlı Manset.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, vətəndaş cəmiyyəti ilə hüquq-dövlət anlayışları bir-birilə sıx bağlı və qarşılıqlı asılı olan iki fundamental ictimai-siyasi konsepsiyadır:
"Bu anlayışlar cəmiyyətin demokratik və ədalətli şəkildə təşkil olunması üçün əsas baza rolunu oynayır. Təbii ki, bu iki konsepsiya arasında çox sıx və sistemli əlaqə mövcuddur.
Məsələn, vətəndaş cəmiyyəti daha çox dövlət strukturlarından asılı olmayan, lakin cəmiyyətin maraqlarını təmsil edən ictimai təşkilatları, assosiasiyaları, həmkarlar ittifaqlarını, müstəqil medianı, yerli idarəetmə orqanlarını və təşəbbüs qruplarını əhatə edir. Onun əsas xüsusiyyəti odur ki, dövlətə alternativ deyil, ona komplementar olaraq cəmiyyətdə tarazlıq yaradan bir sahədir. İctimai nəzarət funksiyasını uğurla yerinə yetirməsi də təbii ki, hüquq-dövlət anlayışı ilə sıx bağlıdır.
Hüquq-dövlət qanunun aliliyi, hüquq bərabərliyi və insan hüquqlarının konstitusion əsaslarının qorunduğu, qanunların üstünlüyü, məhkəmə müstəqilliyi və vətəndaş hüquqlarının təminatı prinsiplərinə əsaslanan dövlət modelidir. Bu prinsiplər dövlət hakimiyyətinin hüquqla məşğul olmasının əsas elementlərindəndir.
Bu iki anlayış – vətəndaş cəmiyyəti və hüquq-dövlət arasında dərin əlaqə mövcuddur. İctimai nəzarət xüsusilə bu əlaqədə mühüm rol oynayır. Məsələn, vətəndaş cəmiyyəti hüquqi dövlətdə dövlətin fəaliyyətini nəzarətdə saxlayır, şəffaflıq və məsuliyyətlilik təmin edir. Azərbaycanda ictimai iştirakçılığın artırılması sahəsində qəbul olunan qanunlar və ictimai şuraların fəaliyyəti bu nəzarətin effektiv həyata keçirilməsinə xidmət edir.
İfadə azadlığı hüququ vətəndaş cəmiyyətində fikir bildirməyi, təşkilatlanmağı və təzyiq göstərməyin imkanlarını yaradır. Hüquqi dövlətdə bu zəruri imkanlar mövcuddur və bunun nəticəsində vətəndaş cəmiyyəti ifadə azadlığını təmin edən əlverişli mühit formalaşdırır. Hüquqların müdafiəsi baxımından vətəndaş cəmiyyəti hüquq-dövlətin zəifliklərini müəyyən mənada tənqid edir və vətəndaşların hüquqlarının qorunması üçün vasitə rolunu oynayır. İdeal halda hüquq dövləti olmadan vətəndaş cəmiyyətinin inkişafı çox çətin, eyni zamanda vətəndaş cəmiyyəti olmadan hüquq dövlətinin mövcudluğu da mümkün deyil".
Deputat qeyd edib ki, Azərbaycanda isə güclü hüquq dövləti ilə güclü vətəndaş cəmiyyəti tandemini müxtəlif kontekstlərdə müşahidə edirik:
"Əgər vətəndaş cəmiyyəti və hüquq dövlətini bir-birini tamamlayan və gücləndirən iki sütun kimi qəbul etsək, bu iki anlayış demokratik əsasları qoruyur, inkişaf etdirir və gücləndirir. Hüquq dövləti vətəndaş cəmiyyətinin öz funksiyasını sərbəst yerinə yetirməsi üçün imkan yaradır. Beynəlxalq təcrübədə zəif vətəndaş cəmiyyətinə malik ölkələrdə hüquq dövlətinin prinsiplərində də müəyyən zəifliklər müşahidə olunur. Azərbaycanda isə güclü hüquq dövləti demokratik cəmiyyətin əsaslarını kifayət qədər möhkəmləndirmişdir. Eyni zamanda güclü hüquq dövləti vətəndaş cəmiyyəti üçün inkişaf mühitinin formalaşması üçün əlverişli şərait yaradır.
Bu baxımdan, Azərbaycanın güclü vətəndaş cəmiyyəti sektoru xüsusi əhəmiyyət kəsb edir. Son illərdə vətəndaş cəmiyyəti vasitəsilə dövlət siyasətində də əhəmiyyətli irəliləyişlər əldə olunub. Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının dövlət dəstəyi ilə fəaliyyətlərinin şəffaflığı və hesabatlılığının artırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Nəticədə, ölkədə qeyri-hökumət təşkilatlarının fəaliyyəti daha da səmərəli olub, dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində fəal iştirak edirlər.
Qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzimləyən qanunlar zaman-zaman günün tələblərinə uyğun təkmilləşdirilir, şəffaflıq və hesabatlılığın artırılması təmin edilir. Məsələn, QHT-lər haqqında qanun, qrantlar haqqında qanun və digər normativ sənədlərdə müvafiq yeniliklər və təkmilləşdirmələr tətbiq olunur. Bu dəyişikliklər maliyyə axınlarının şəffaflığını təmin edir, ictimai nəzarəti gücləndirir və dövlət orqanlarının hesabatlıq və monitorinq imkanlarını artırır. Bu yanaşma beynəlxalq təcrübədə mövcud olan prinsiplərə uyğun gəlir".
A.Allahverənov vurğulayıb ki, xarici maliyyə mənbələri hesabına fəaliyyət göstərən QHT-lərlə bağlı da qanunvericilikdə yeniliklər müzakirə olunur:
"Bunlar arasında xarici maliyyə mənbələri üzərindən nəzarət tədbirlərini gücləndirən müddəalar mövcuddur. Eyni zamanda, qeyri-hökumət təşkilatlarının dövlətlə əlaqələrini və fəaliyyət strategiyalarını daha da gücləndirmək üçün müxtəlif platformalar üzərindən milli, regional və beynəlxalq səviyyədə fəaliyyətlər həyata keçirilir.
Məsələn, COVID-19 pandemiyası zamanı Azərbaycan QHT-ləri beynəlxalq səviyyədə böyük fəaliyyətlər göstərərək geniş koalisiya yaratmışdır. Bu koalisiya vasitəsilə dünya ictimaiyyətinin diqqətinə bir çox vacib məsələlər çatdırılmışdır. Azərbaycan modeli beynəlxalq aləmdə təqdir olunmuş və həqiqətləri çatdırmaq üçün əlverişli platforma olmuşdur. Eyni zamanda, Azərbaycan QHT-ləri təşəbbüsü ilə qlobal QHT platforması yaradılmışdır ki, bu platformada 120-dən çox ölkə iştirak edir və 116 ölkədəki hərəkatlara dəstək verir.
2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunda da Azərbaycan QHT-ləri yeni təşəbbüslərlə fəallıq göstərəcəkdir. Bu tədbir üçün WUF 13 QHT koalisiyası yaradılmışdır və 18 ölkədən 25-dən çox xarici QHT koalisiyada iştirak edir. Bu beynəlxalq tədbir Azərbaycanda mühüm ictimai-siyasi proses kimi qiymətləndirilir.
Beləliklə, vətəndaş cəmiyyəti institutu ilə hüquqi dövlət konsepsiyası bir-birini tamamlayan və gücləndirən vacib ictimai-siyasi sahələrdir və güclü dövlətin əsas sütunlarından biridir. Təbii ki, iqtisadi, hərbi və digər sahələr də güclü dövlətin formalaşmasında vacibdir, amma vətəndaş cəmiyyəti ilə hüquq dövləti arasındakı əlaqələr həm nəzəri, həm də praktiki olaraq Azərbaycanda yüksək səviyyədə təmin olunmuşdur".
Seyranə Quliyeva
6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.