Rəqəmsal gələcəyə doğru - Azərbaycanda İKT və innovasiya potensialı

13:00 - 30 Sentyabr 2025

Rəqəmsal gələcəyə doğru - Azərbaycanda İKT və innovasiya potensialı

Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı son illər sürətli templə davam edərək ölkənin rəqəmsal gələcəyinə geniş yol açır. Yüksək sürətli internetin əlçatanlığının artması, elektron xidmətlərin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi və startap ekosisteminin güclənməsi ölkəni regionda rəqəmsal mərkəzə çevirməkdədir. Bu sahədə atılan addımlar həm iqtisadiyyatın modernləşməsinə, həm də gənclərin innovativ ideyalarını reallaşdırmasına yeni imkanlar yaradır.


Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov  Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı son illərdə prioritet istiqamətlərdən birinə çevrilib.

“Dövlət tərəfindən qəbul edilən “Rəqəmsal Azərbaycan” proqramı çərçivəsində elektron hökumət xidmətləri genişləndirilib, vətəndaşlara vahid giriş imkanı təmin olunub. Eyni zamanda 2025–2028-ci illər üçün qəbul olunan Süni İntellekt Strategiyası ölkədə rəqəmsal həllərin inkişafı üçün mühüm yol xəritəsi rolunu oynayır. İnfrastrukturun gücləndirilməsi istiqamətində də ciddi addımlar atılır. “Onlayn Azərbaycan” layihəsi ilə genişzolaqlı internetə çıxışın artırılması və sürətin yüksəldilməsi təmin olunur. Bundan əlavə, Transxəzər fiber-optik kabel layihəsi Azərbaycanın beynəlxalq data tranzitində mühüm qovşağa çevrilməsini hədəfləyir”.

Mütəxəssis qeyd edib ki, elektron xidmətlərin inkişafı da bu prosesin əsas hissəsidir. Dövlət xidmətlərinin böyük hissəsi elektronlaşdırılıb, e-sənəd dövriyyəsi, e-təhsil, e-səhiyyə və e-qanun kimi sistemlər geniş tətbiq olunur. Son yeniliklərdən biri “E-qanun.ai” adlı süni intellekt dəstəkli hüquqi axtarış platformasının istifadəyə verilməsidir.

“Kibertəhlükəsizlik və rəqəmsal savadlılıq məsələləri də diqqət mərkəzindədir. Milli Kibertəhlükəsizlik Mərkəzi gücləndirilir, dövlət və özəl sektor üçün yeni standartlar tətbiq olunur. Paralel olaraq ictimai maarifləndirmə tədbirləri ilə vətəndaşların rəqəmsal biliklərinin artırılması hədəflənir. Bununla yanaşı, startap ekosisteminin dəstəklənməsi və yeni təşəbbüslərin inkişaf etdirilməsi də mühüm istiqamətdir. "İnnoland", "SABAH.lab" kimi mərkəzlərdə startaplara şərait yaradılır, yerli innovativ layihələrin dəstəklənməsi prioritetə çevrilib. Bu addımlar ümumilikdə Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirməklə yanaşı, ölkənin regional texnoloji mərkəzə çevrilməsinə də zəmin yaradır”.

 

Fidan Vəlisoy 

6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az