Demokratiyanın əsas göstəriciləri - Azərbaycanda fikir azadlığı və plüralizm

16:20 - 03 Oktyabr 2025

Demokratiyanın əsas göstəriciləri - Azərbaycanda fikir azadlığı və plüralizm

Azərbaycanda demokratik dəyərlərin möhkəmlənməsi istiqamətində önəmli addımlar atılır. Son dövrlərdə fikir və söz azadlığının genişlənməsi, plüralizmin inkişafı cəmiyyətdə sağlam ictimai müzakirələrin yaranmasına və fərqli baxışların sərbəst şəkildə ifadə olunmasına şərait yaradır. Bu proses həm medianın, həm də vətəndaş cəmiyyətinin güclənməsinə mühüm töhfə verir.


Tanınmış jurnalist, media məsələləri üzrə ekspert Qulu Məhərrəmli Manset.az-a açıqlamasında bildirib ki, həqiqət və gerçəklik birdir. Həqiqətə nail olmaq üçün isə plüralizm mütləq şərtdir.


“İstənilən cəmiyyətin inkişafı, fikir tərəqqisi üçün plüralizm çox önəmlidir. Bütün sahələrdə fərqli fikirlilik, əsas fikrə zidd olan alternativ fikirlərin mövcud olması çox önəmlidir. Çünki bir çox hallarda inkişaf, tərəqqi fərqli fikirlərin toqquşmasından yaranır. Bu da bir növ inkişafın, tərəqqinin simvolu rolunu oynayır. Mətbuatda da bu belədir. Tutalım ki, biz ancaq ağ-qara rənglərdən, eyni şeyləri yazsaq, bu həm auditoriya üçün maraqsız olur, həm də inkişaf əlamətləri də görünmür. Bəs bu praktikada özünü necə göstərir? Birinci növbədə, fərqli, tənqidi fikir olan media subyektləri olmalıdır”.

Ekspert qeyd edib ki, fikir plüralizmi sözün yaxşı mənasında işgüzar mübahisə yaradır. Həmin mübahisədə də həqiqət ortaya çıxır.

““Əkinçi” qəzeti 150 il öncə qeyd edirdi ki, qəzet (indiki halda media) ondan ötürüdür ki, cəmiyyətin qabaqcıl adamları onun səhifələrində mübahisə etsinlər və həqiqət ortaya çıxsın. Ona görə, fikir müxtəlifliyi, plüralizmin olması demokratik cəmiyyətin əsas əlamətlərindəndir. Azərbaycanda da bu mühit özünü göstərir. Tənqidi media da ölkəmizdə fəaliyyət göstərir. Daha çox “Youtube” kanallarında biz fərqli müzakirələrin təşkil olunduğu, fərqli mövzulara toxunulan verilişləri görə bilirik. Əlbəttə ki, önəmli olan odur ki, belə bir media mühiti olsun. Televiziya kanallarında da belə verilişlərin sayı artmalıdır. Təbii ki, bu sahədə müəyyən problemlər var. Onlar da gələcəkdə rahatlıqla aradan qalxacaq”.

 

Fidan Vəlisoy

6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az