Paşinyan sülhə ATƏŞ AÇDI – Ermənistan müharibəyə QƏRAR VERDİ

09:05 - 17 Fevral 2024

Paşinyan sülhə ATƏŞ AÇDI – Ermənistan müharibəyə QƏRAR VERDİ

Ermənistan qızışıb. Bunu son günlər sərhəddəki təxribatlar, rəsmi İrəvan tərəfindən səsləndirilən bəyanatlar deyir. Yenə Ermənistan havadarlarının sifarişini yerinə yetirmək göstərişi alıb. İstər hərbi, istərsə də diplomatik son gərginliklərin səbəbi də budur. 

Rəsmi Bakı ilə İrəvanın ulduzlarının barışmasına hazırda ən böyük maneə olan Fransa bu məsələdə ən "dinamik" tərəfdir. Emanuel Makron hakimiyyəti əlindən gələni edir ki, iki ölkə (Azərbaycan-Ermənistan) arasındakı gərginlik 44 günlük müharibədən sonra ən gərgin dönəmini yaşasın.

Səbəbi aydındır: Fransa qəti olaraq Bakı ilə İrəvanın sülh razılaşmasına qarşıdır.

Ona görə yox ki, Parisi Ermənistanın halı düşündürür, ona görə ki, ermənilərin  Emanuel Makron hakimiyyətinin onlar üzərindən çox böyük oyun planının ifşası qaçılmaz olacaq. Çünki Azərbaycanın təklif etdiyi sülh prinsipləri ilə İrəvanın razılaşacağı təqdirdə qismən havadarlarından asıllığına son qoyulacaq. 

Dünya erməniləri və Ermənistan cəmiyyəti üçün məlum olacaq ki, səndemə uzun illər onlar sadəcə şahmat taxtası üzərindəki piyadalar olublar. Və onlara ağalıq, başbilənlik edənlər özlərini qorumaq, öz maraqlarını təmin etmək, istəklərinə nail olmaq üçün Ermənistandan istifadə ediblər. O istifadə müddəti isə bitəndə lazımsız bir əşya kimi həmin şahmat taxtasından vurulub yerə salınacaq. 

Bütün bu planların ardı olaraq Fransa Azərbaycanla yaşadığı diplomatik gərginlikdən istifadə edərək Ermənistan amilindən yenidən eninə-boyuna istifadə etmək üçün bütün imkanlarını səfərbər edib kimi görünür. Son günlər Zəngilan və Kəlbəcər istiqamətində baş verən hərbi təxribatlar Ermənistanın yenidən oyuna getdiyindən xəbər verir. 

Naşı Ermənistan hakimiyyəti lakin düşünmür ki, bu oyun onlar üçün son oyuna çevrilə bilər. Çünki Ermənistanın təxribatları sülhə zərbə olduğu qədər, Azərbaycanın təhlükəsizliyinə, onun ərazilərinin suverenliyinin qorunub saxlanılmasına da ciddi təhdiddir. 

Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində nitq söyləyərkən yeni təxribatlara hazırlıq görən Ermənistana və ona züy tutanlara elə həmin kürsüdən çox yerində mesaj verdi: "Bu günlərdə Ermənistan tərəfindən törədilmiş yeni təxribata dərhal adekvat cavab verildi, düşmən cəzalandırıldı. Bu, bir daha onlara və əsasən onlara ürək-dirək verən, üstümüzə göndərən qüvvələrə siqnal idi ki, bizim qabağımızda heç kim dura bilməz. Ermənistanın nə qədər havadarları olsa da, heç kim bizi dayandıra bilməz. Bizim siyasətimiz beynəlxalq hüquqa əsaslanır".

Bəli, Prezident İlham Əliyev bu mesajı ilə həm İrəvana, həm də onun başının ağalarına bildirmiş oldu ki, baxmayaraq ki, biz müharibədən yeni çıxmışıq, ərazi bütövlüyümüzü artıq bərpa etmişik, bundan sonra da istənilən təxribat cəhdləri artıqlaması ilə öz cavabını alacaq, atəş nöqtələri tərəfimizdən məhv ediləcək. 

Beləcə, dövlət başçısı eyni zamanda Azərbaycanın öz mövqelərini müdafiə edəcəyini, geri çəkilməyəcəyini, ona qarşı atılan addımlara adekvat cavab vermək qərarında tərəddüd yaşamayacağının xəbərdarlığını etmiş oldu.

Rəsmi Bakı ona qarşı məkirli planları indi daha tez aşkar edib, daha təsirli cavab vermək imkanına malikdir. Buna həm özünün yaratdığı geosiyasi vəziyyət, həm ordusu, həm də günü-gündən artan beynəlxalq nüfuzu imkan verir. Azərbaycan ikitərəfli formatda əməkdaşlığın tərəfdarıdırr. Ona görə ki, xarici siyasətimiz bərabərhüquqlu münasibətlərə, bir birinə hörmət, xoş münasibət, bir birinin işinə qarışmamaq prinsipləri üzərində qurulub.

Bunu hələ də anlamaq istəməyən bir Fransa var ki, hər ötən gün özünü məngənədə çıxılmaz vəziyyətə saldığının hələ fərqində deyil. Əslində sərhəddəki son təxribatların arxasında Fransa amilinin olduğu şübhə edilmir. Paris bu gün işinə başlayan Münhen Təhlükəsizlik Şurasının növbəti Zirvə Görüşü ərəfəsində bu cür təxribatların baş verməsinin planlarına xidmət etdiyini düşünə bilər. 

Bakı ilə İrəvan arasındakı gərginliyi artırıb, sülh danışıqlarına xələl gətirmək baxımından Fransa üçün bundan yaxşı "şans" görünməyə bilər. Lakin Fransanın Ermənistan üzərindən əldə etməyə çalışdığı bu şansın, İrəvanın tabutuna vurulan sonuncu mismar olmadığına heç kim zəmanət verə bilməz. 

Sirr deyil ki, bu cür təxribatlar davam edərsə, bu, böyük münaqişə və müharibəyə səbəb ola bilər. Ermənistanın Azərbaycana açdığı atəş sülhə zərbədir. Bu təxribatların davamlı hal alması isə Cənubi Qafqazın geosiyasi mübarizə meydanına çevrilməsinə gətirib çıxara bilər. 

Ermənistanın bu gün Fransa və Hindistandan hücum xarakterli silahlar alması İrəvan üçün başgicəllənməsinə gətirib çıxara bilər. Ermənistan revanş arzularını alovlandırmaq istədikləri bu silahlarla özünü oda atmış olacaq. Aydın görünür ki, indiki durumda Ermənistan qətiyyən sülh barədə düşünmür. Onların havadarları da sülh müqaviləsinin imzalanmasına Ermənistana icazə verməyəcəklər. Lakin bu Ermənistanın gələcəyini sual altında qoyacaq. Prezident İlham Əliyevin bu məsələyə olan yanaşması artıq bütün dünya ictimaiyyəti üçün bəllidir. O, dəfələrlə vurğulayıb ki, dövlət maraqlarında heç kimə güzəştə getməyəcəyik. Bu prinsipial siyasətin bir nümunəsidir.

Avropa İttifaqına, ABŞ-a və Fransaya ifrat dərəcədə güvənən, Cənubi Qafqazda yeni eskalasiyaya sürükləndiyini anlamasına rəğmən aldığı təlimatları icra edən, sülh danışıqları süni şəkildə uzadan Ermənistan yeni gərginliyə səbəb olarsa, yenə meydanda tək qalacaq. Azərbaycanla təkbətəkin aqibətini isə artıq hər kəs bilir.

Atabəy Türkel


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin