“Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmadı” - Səttar Möhbalıyev

15:57 - 24 Fevral 2023

“Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmadı” - Səttar Möhbalıyev

“Xocalı soyqırımına baxmaq kifayət edir ki, cinayətkar erməni siyasətinin mahiyyətini dərk edəsən. Bu, onların əsl simasıdır. Belə çirkin əməlləri ilə tarixin yaddaşında qara səhifələr açıblar. Düşmənçilik, ərazi iddiaları, təcavüz, terror, soyqırımı onların xain xislətinin əlamətləridir. Tarixdən məlumdur ki, ermənilər bu ərazilərin sakinləri deyil, onlar əzəli Azərbaycan torpaqlarına sonradan və çirkin məqsədlərlə köçürülüblər. Bu, elə də uzaq tarix deyil, yaxın 200 ili əhatə edir. İlk gündən Azərbaycan torpaqları hesabına uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq xülyası ilə yaşayıblar. Həmin yalançı iddia, təcavüzkar siyasət minlərlə dinc sakinin ölümünə, yaşadıqları ərazidən qovulmasına səbəb olublar. Hər zaman tarixdə yaranmış boşluqları özləri üçün fürsət bilib qanlı cinayətlərə əl atıblar”.

 

Manset.az xəbər verir ki, bu fikirləri  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımı ümumilikdə insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən qanlı cinayətdir: “Həmin gecə dinc sakinlər qətl edilib, körpələr, qadınlar, qocalar öldürülüb. Demək olar ki, bütün şəhər amansızcasına məhv edilib. Bu hadisə Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi son dərəcə ağır və dəhşətlidir. Azğın ermənilər Xocalıda insanlar üzərində tamamilə təhqiredici hərəkətlərə əl atıblar, insanların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarnını yarıblar. Təbii ki, bu əməllər insan xarakterinə aid deyil, amma millətçi-şovinist ermənilər bunu ediblər. Hətta bu əməli törədənlər özlərini qəhrəman sayıblar, dövlətlərindən mükafatlar alıblar”.

AHİK sədri qeyd edib ki, Xocalı faciəsinə ilk siyasi qiyməti Ulu Öndər Heydər Əliyev verib: “Belə ki, onun 1994-cü ildə imzaladığı Fərmanla 26 fevral - “Xocalı soyqırımı və milli matəm günü” elan olunub. Həmçinin Ulu Öndərin 1997-ci ildə imzaladığı Sərəncamla hər il fevralın 26-sı saat 17:00-da ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uzun illərdir Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində fəal iş aparılır.

Məhz bunun nəticəsidir ki, artıq Xocalı soyqırımı ilə bağlı Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları müvafiq parlament qətnamələri qəbul ediblər. Həmçinin soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. Bu yerdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyasını qeyd etmək istəyərdim. Kampaniya bir çox ölkələrdə fəaliyyət göstərir, sərgilər, toplantılar, konfranslar, seminarlar keçirilir”.

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu işğalçı Ermənistan ordusunu məhv etdi, Şərqi Zəngəzuru və Qarabağı böyük qəhrəmanlıqlar göstərərək işğaldan qurtardı. Üçrəngli, ay-ulduzlu bayrağımız bu gün bütün ölkə ərazisində əzəmətlə dalğalanır. Bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının ruhu şaddır, onların qanı yerdə qalmadı, qisasları döyüş meydanında layiqincə alındı”, - Milli Məclisin deputatı deyib.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin