Bu il ölkə üzrə 3 milyon ağacın əkilməsini hədəfləyirik - Nazir müavini

17:42 - 24 Fevral 2023

Bu il ölkə üzrə 3 milyon ağacın əkilməsini hədəfləyirik - Nazir müavini

Sevindiricidir ki, ölkəmizdə ağac əkilməsi işi daha da kütləviləşib, ənənə halını alıb. Son illər bir çox dövlət qurumları da öz peşə bayramlarını, əlamətdar günlərini ağac əkməklə, təbiətə töhfə verməklə qeyd edirlər. Olduqca qürurvericidir ki, aparılan maarifləndirmə işləri, ağacəkmənin təbliği və təşviqi nəticə verir, bu da təbiətə dost münasibətin formalaşdırılmasında çox önəmli bir missiyadır.  

 

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Manset.az-a bildirib.

“Artıq yaz əkin kampaniyası başlayıb. 2023-cü ilin yaz və payız ağacəkmə mövsümlərində ölkə üzrə 3 milyon ağacın əkilməsini hədəfləyirik. Fürsətdən istifadə edib ağacəkmə tədbirlərində fəal iştirak edərək ətraf mühitə töhfə verən, təbiətin mühafizəsinə qayğı və həssas münasibət göstərən təbiətsevərlərə, dövlət və özəl qurumlara, o cümlədən ağacəkmə tədbirlərində xüsusi fəallıq göstərən tərəfdaşlarımızdan olan Dövlət Gömrük Komitəsinə, Azərbaycan Banklar Assosiasiyasına, “Azərişıq” və “AzərEnerji” açıq səhmdar cəmiyyətlərinə göstərdikləri davamlı dəstəyə görə təşəkkür edirik.  Bu qurumlar Abşeron yarımadasının əvvəllər heç vaxt ağac əkilməyən boş sahələrində görülməsi zəruri olan işləri öz üzərinə götürüb, ərazinin damcılı suvarma şəbəkəsi ilə təmin olunmasında yaxından iştirak ediblər. Bu da əkilən ağacların bitiş faizinin yüksək olacağına əminlik yaradır".

Nazir müavinin sözlərinə görə, ağacəkmə aksiyaları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisini də əhatə edir, Ağdamda, Cəbrayılda, Zəngilanda, Laçında və Kəlbəcərdə də ağacəkmə aksiyası keçirilir. 

“Təqdirəlayiqdir ki, bu ərazilərdə fəaliyyət göstərən şirkətlər də dağıdılmış, məhv edilmiş təbiətin yenidən canlandırılmasına töhfə vermək, ətraf mühitin sağlamlaşdırılmasında yaxından iştirak etmək istəyirlər. Artıq ictimaiyyətdə, eləcə də, qurumlar, təşkilatlar arasında bu həssas məsələyə münasibət yaxşı mənada formalaşıb.

Təbiətə qayğı göstərən, onu düşünən hər kəsi, təşkilatları, dövlət və özəl qurumları  yaşıllıq sahələrinin çoxalmasına töhfə verməyə, ağacəkmə tədbirlərində daha da fəallıq göstərməyə, Vətənimizi zəngin yaşıllıqlar diyarına çevirməyə çağırırıq.

Biz ölkəmizin təbii mühitinin oksigenlə daha da zənginləşdirilməsi, insanlarımızın daha sağlam ətraf mühitdə yaşaması üçün ölkəmizdə bərqərar olmuş kütləvi ağacəkmə ənənələrini bundan sonra da davam etdirəcəyik və inanıram ki, hamımız Ulu öndərin arzu etdiyi kimi təbiəti qoruyanlar olacağıq.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin