"Fransanın ermənpərəst siyasəti bölgədə sülhə və təhlükəsizliyə qəsddir"

19:56 - 13 Aprel 2023

Fransanın növbəti dəfə ermənipərəst siyasət yürüdərək Azərbaycanı əsassız ittiham etməsi bölgədə sülhə və təhlükəsizliyə edilən qəsddir.

 

Manset.az  AZƏRTAC-a istinadən bildirir ki, bunu açıqlamasında siyasi şərhçi Sahil Kərimli səsləndirib.

Onun sözlərinə görə, öz suveren ərazilərini müdafiə edən Azərbaycanı hərbi təxribatda günahlandırmaq əsl riyakarlıqdır. Fransa Ermənistanın ərazi bütövlüyünü tanıdığını vurğulayaraq İrəvana dəstək nümayiş etdirir.

"Sual olunur, Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayanda, ərazilərimiz talan olunanda, azərbaycanlılar soyqırımılarına məruz qalanda Fransa niyə səsini çıxarmırdı? Əlbəttə ki, işğala, terrora və separatizmə müxtəlif yollarla dəstək verən Fransadan gözlənən də budur. Makron hakimiyyəti açıq-aşkar Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı deyil. Əksinə, rəsmi Paris bölgədə yeni müharibə ocağı alovlandırmaq niyyətindədir", - deyə siyasi şərhçi qeyd edib.

S.Kərimli diqqətə çatdırıb ki, bir müddət əvvəl Fransanın da təkidi ilə Ermənistana göndərilən Avropa İttifaqı missiyası konkret olaraq bu məkrli planın tərkib hissəsidir. Çünki missiya bölgəyə gələn gündən etibarən Ermənistan hərbi təxribatlara başlayıb. Görünən odur ki, Paşinyan hakimiyyəti Aİ missiyasına güvənərək təcavüzkar siyasətini davam etdirir.

Onun fikrincə, Ermənistanı cəsarətləndirən Aİ missiyası və həmin dairələrin dəstəyidir. Belə olmasaydı, darmadağın olunmuş fərari Ermənistan ordusu Azərbaycan tərəfə bir güllə atmağa cəsarət etməzdi. Şübhəsiz ki, Ermənistana havadarlıq edən İran da bu prosesdə canfəşanlıq göstərir. Son hərbi təcavüz zamanı Ermənistanın Tehrandan dəstək alması, İran PUA-larının sərhədlərimiz boyunca uçuşlar etməsi barədə məlumatlar var. "Azərbaycanın daxili işlərinə qarışmaqdansa, Fransa öz daxili problemlərini həll etsə, daha yaxşı olar. Aylardır davam edən etiraz aksiyaları, iğtişaşlar, mitinqlərin zorla dağıdılması, etirazçılara qarşı zorakılıq halları baş alıb gedir. Fransanın qanlı tarixi keçmişi, müstəmləkəçilik siyasəti, insanlığa qarşı törətdiyi kütləvi hərbi cinayətlər dünyanın diqqət mərkəzindədir. Belə bir ölkənin Ermənistanın müdafiəsinə qalxmağa, Azərbaycanı tənqid etməyə haqqı yoxdur.


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin