Qatarla toqquşan “Prius”dan sərnişinlər belə çıxarıldı - YENİLƏNDİ (VİDEO)

13:57 - 20 İyul 2023

Qatarla toqquşan “Prius”dan sərnişinlər belə çıxarıldı - YENİLƏNDİ (VİDEO)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Manset.az xəbər verir ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota Prius” markalı minik avtomobili ilə dəmir yolunda hərəkətdə olan qatarın toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və bir nəfər sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

12:56

Bakı şəhər Xəzər rayonu ərazisində “Toyota Prius” markalı avtomobil ilə yük qatarının toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

12:39

Bu gün 11:10 radələrində Dübəndi-Zirə dəmir yolu xəttinin 23-cü kilometrində "Azərbaycan Dəmir Yolları"na (ADY) məxsus yol maşını təmir işləri aparan zaman dövlət qeydiyyat nişanı 77-KD-762 olan “Toyota Prius” markalı avtomobil qorunmayan dəmiryol keçidini keçməyə cəhd edib.

Bu barədə Manset.az-a ADY-dən bildirilib.

Məlumata görə, maşinist tərəfindən təcili tormozlanma aparılsa da toqquşma qaçılmaz olub. Nəticədə minik avtomobilinin sürücüsü və 1 sərnişin xəsarət alıb, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Hadisə aidiyyəti üzrə araşdırılır.

12:06

Bu gün Bakı şəhər Xəzər rayonu ərazisində yol qəzası baş verib.

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, Zirə qəsəbəsinə gedən yolda “Toyota Prius” markalı avtomobil qorunmayan keçiddən keçən yük qatarı ilə toqquşub.

Nəticədə qatar avtomobili xeyli məsafədə sürüyərək aparıb. Maşının içində sıxılmış vəziyyətdə qalan şəxsləri FHN-in xilasediciləri çıxarıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin