"Mavi balina" yenə can aldı - Bu oyunda nələr baş verir?

16:30 - 03 Dekabr 2025

\"Mavi balina\" yenə can aldı - Bu oyunda nələr baş verir?

Xəbər verdiyimiz kimi, dekabrın 1-i saat 01 radələrində Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində 13 yaşlı yeniyetmə qız özünü yaşadıqları evdən asıb. İlkin ehtimala görə, yeniyetmə “Mavi balina” oyununun qurbanı olub.

 

Bu oyun 50 gün ərzində getdikcə qorxunc hala çevrilən 50 tapşırıqdan ibarətdir. Oyunçulara onların psixoloji və fiziki sağlamlıqlarına ziyan vuracaq müxtəlif tapşırıqlar verilir. Oyunun bəzi mərhələlərində hətta uşaqlara ayağını, biləyini, damarlarını kəs komandaları da verilir. Manipulyasiya edilən uşaqlara sonuncu - 50-ci tapşırıq olaraq isə “balina olmaq” yəni uşağın canına qıyması tapşırıq olaraq verilir.  

Hüquqşünas Müşfiq Abbasov Manset.az-a açıqlamasında bildirib ki, bu hadisə Azərbaycanda sözügedən oyunla bağlı azyaşlılar arasında ilk intihar hadisəsi deyil:


“Bildiyiniz kimi, insanın şəxsiyyət kimi formalaşması müəyyən bir yaş dövrünə kimi baş verir. Həm ötən gün intihar edən qızımızın, həm də bundan əvvəl də məhz bu oyunla bağlı həyatına son qoyan yeniyetmələrin yaşlarına nəzər saldıqda görürük ki, onların yaşları olduqca azdır. Bu oyunun məhz yeniyetmələri seçməsinin də səbəbi budur. Çünki bu yaş qrupunda olanlara təsir etmək imkanı daha çoxdur. Bundan bir neçə il öncə də biz məhz bu oyuna görə azyaşlılar arasında intihar hadisələri olmuşdu. Ümumiyyətlə, Azərbaycanda belə bir məhkəmə təcrübəsi yoxdur ki, hansısa oyuna görə kimsə məsuliyyətə cəlb olunsun”.

Hüquqşünas qeyd edib ki, “Mavi balina” və bu kimi digər oyunların hər birinin xarici ölkələrdə yaradılması onların səbəb olduqları cinayətlərlə bağlı istintaqın aparılmasına da ciddi maneələr yaradır:

“Bu oyunların hər biri xarici dövlətlərdə yaradılan və uşaqların internet üzərindən yüklədikləri oyunlar olduğuna görə, onları kimlərin yaratdığını da müəyyən etmək mümkün deyil. Hesab edirəm ki, bu səbəbdən istintaqın aparılması da çox çətindir. Məsələn, hazırda sözügedən 13 yaşlı qızın intiharına görə, Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başladılacaq. Lakin sonda hər bir halda cinayət işinin icraatına xitam olunacaq. Bu məsələ ilə bağlı bundan əvvəlki istintaq proseslərində də belə olub. Çünki bu situasiyada məsuliyyətə cəlb olunmalı olan şəxsi müəyyən etmək mümkün deyil. Buna görə də yaxşı olar ki, ümumiyyətlə, Azərbaycanda həmin saytlara giriş qadağan olunsun”.

 

Fidan Vəlisoy 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az