Son dövrlər xaricdən gələn, xüsusən də, “Temu” platformasından sifariş olunan bağlamaların Azərbaycanda gömrükdə uzun müddətdir qalması ilə bağlı şikayətlər artıb. Bildirilir ki, bildiriş hissəsində "gömrük yoxlanışı davam edir" yazılsa da, günlərdir sifarişlərdə heç bir irəliləmə müşahidə olunmur. Kütləvi halda baş verən bu gecikməyə səbəb nədir? Problem nə vaxt həllini tapacaq?
Aktual problemlərlə bağlı Manset.az Dövlət Gömrük Komitəsinə sorğu ünvanlayıb. Sorğuya cavab olaraq qurumdan bildirilib ki, gecikmələrin əsas səbəbi dəqiq bəyan edilməyən və ya ümumiyyətlə, bəyan edilməyən bağlamaların həcminin artmasıdır:
“Gömrük qanunvericiliyinin tələblərinə əsasən, poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir. Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur”.
Qurumdan verilən məlumatda əlavə olaraq qeyd olunub ki, hazırda baş verən problemlərin aradan qaldırılması üçün işlər gücləndirilmiş şəkildə aparılır:
“Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir.
Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur.
Sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur”.
Fidan Vəlisoy