Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunda 6 yaşlı uşaq naməlum şəraitdə bıçaqlanıb.
Manset.az bıçaqlanan birinci sinif şagirdinin təhsil aldığı Ağcabədi rayonu Aşağı Avşar kənd məktəbinin direktoru Elşən Quliyevlə əlaqə saxlayıb. O, bildirib ki, məktəbli hazırda xəstəxanadadır:
"Vallah, bütün rayon məəttəl qalıb. 6 yaşlı uşaq kimə nə edə bilər ki? Kimlə ədavəti ola bilər? Axşam saatlarında, 2019-cu il təvəllüdlü uşağı evlərinin yanında - oynadıqları yerdə bıçaqlayıblar. Bıçaqlayan şəxs barədə məlumatım yoxdur, bu barədə hüquq - mühafizə orqanları araşdırma aparır. Uşaq bıçaqlanan vaxtı digər qardaşı da yanında olub. Özüm də uşağın yanına getmişdim. Ağır əməliyyat keçirib, 19 bıçaq zərbəsi vurulub. Hazırda xəstəxanada reanimasiyadadır."
Xatırladaq ki, ötən gün Ağcabədi rayonunda azyaşlı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.
Manşet.az