Son günlər paytaxt Bakıda, eləcə də ölkənin digər ərazilərində sərçələrin kütləvi tələf olması ilə bağlı görüntülər yayılıb. Vətəndaşların marağına səbəb olan bu problemlə bağlı sosial şəbəkələrdə bir sıra versiyalar irəli sürülüb. Bir sıra vətəndaşlar düşünür ki, bu qış Azərbaycanda havalar normadan daha soyuq olduğuna görə sərçələr buna tab gətirə bilməyib, başqaları fərz edir ki, paytaxtın müxtəlif parklarında yerləşən süni hovuzların sularındakı kimyəvi maddələr səbəbindən sərçələr kütləvi şəkildə tələf olur, digərləri isə bunu ölkədə sahibsiz it və pişiklərin artması ilə əlaqələndirir.
Məsələnin əsl səbəbini aydınlaşdırmaq məqsədilə Manset.az Zoologiya İnstitutunun elmi əməkdaşı, ornitoloq Leyla Əhmədliyə suallar ünvanlayıb:

- Hazırda paytaxt Bakıda sərçələrin kütləvi olaraq tələf olması ilə bağlı görütülər və bu görütülərlə əlaqəli bir sıra fərziyyələr mövcuddur. Sərçələrin kütləvi tələf olmasının əsas səbəbləri nələrdir?
- Sərçələr özlərinə xas ekoloji-etoloji xüsusiyyətlərə, sutkalıq yaşayış ritminə və davranışa malikdirlər. Yəni dəstə halında yaşayır, kollarda, divar yarıqlarında, çatlarında yuvalayır, gecələyir, düşmənindən qorunur, 3-5 metrdən yüksəklikdə uçmurlar. Zibil qablarının ətrafına tökülmüş ərzaq qırıntıları, otların toxumları ilə yemlənir, insandan, səs-küydən, nəqliyyatın çirkləndiyi hadan uzaq olmağa üstünlük verir. Sərçələrin yaşayışı üçün iki ekoloji amilin - nəsilvermək üçün əlverişli yuvalama yerinin və yemlənmə mənbələrinin olması vacibdir. Şəhərin sahəsinin genişlənməsi, yeni uca binaların çoxalması, binaların üzlük daşla örtülməsi, əvvəlki kol bitkilərinin xaricdən gətirilmiş dekorativ, tropik bitkilərlə əvəz olunması, əhalinin, asfalt və daş döşənmiş yolların, nəqliyyatın, hərəkətin, səs-küyün artması və digər amillərlə əlaqədar şəhər əvvəlki görünüşünü, infrastrukturunu dəyişmişib. Şəhərin əksər hissəsində, magistral yollarda, park, bulvarlarda alatoranlıqdan səhər açıla gecə işıqlandırılması, nəqliyyat hərəkəti, səs-küy, eləcə də bayram günlərində gecə yarısı partlayışla fişəng atılması sayı, havanın çirklənməsi artırıb”.
- Həqiqətən də, sərçələrin sayının kəskin azalmasında digər heyvanların rolu varmı?
- Bəli, digər bir amil də əlverişsiz yerdə yuvalayan sərçələrin, cücə və yumurtalarının təbi düşmənləri olan sahibsiz pişiklər və boz qarğalar tərəfindən yeyilməsidir. Evlərin divarlarına üzlük daşının hörülməsi, kolların sıradan çıxması, İçərişəhər qalasının və qız qalası divarlarındakı çatların təmiri sərçələri yuvalama, azsaylı qazonların biçilməsi, zibil qablarının qapaqlı olması isə yemlənmə yerlərindən məhrum edir. Nəticədə sərçə dəstələri şəhərin mərkəzi hissəsindən uzaqlaşmağa məcbur olur. Gündüz işığına uyğunlaşan və qaranlıq düşənədək fəal olan sərçələr (o cümlədən gecə cücüləri və s.) şəhərin sarı rəngli işıqlandırılmasına və nəqliyyatın səsinə uyğunlaşa bilmir yuxulamayan quşun sutkalıq ritmi pozulur. Quş ərazini tərk edir.
- Bəs baş verən bütün bu proseslər tədricən sərçə quş növünün bir müddət sonra tamamilə yoxa çıxmasına səbəb ola bilərmi?
- Qeyd edim ki, heç bir növ təbiətdə asanlıqla yox olmur. Sərçələr çox uzaq yerlərə gedən miqrant quşlar deyillər. Ağaclarda, kollarda yaşamağa uyğunlaşmış dendrofil sərçələr sadəcə özləri üçün daha əlverişli şəhər ətrafı kənd, qəsəbə məntəqələrə köçüb yerdəyişmələr edirlər. Yaşıllıqların çox olduğu bu ərazilərdə yuvalamaq, yemlənmək, qorunmaq üçün əlverişli biotoplar vardır. Bunuda qeyd edək ki, quşların sayının tədricən azalması növ müxtəlifliyinin dəyişməsi dünyanın sürətlə inkişaf edən böyük şəhərlərinə xas olan bir təbii prosesdir. Yəni antropogen və ekoloji dəyişiliklər nəticəsində 40-50 il sonra Bakı şəhərində növ tərkibinə malik yeni quş faunasını görə bilərik.
Fidan Vəlisoy