logo
logo logo
logo

Xaricdəki bloqerlərə vətən və milli kimlik dərsi - Əli Vəliyev yazır

00:06 - 22 İyul 2026

Xaricdəki bloqerlərə vətən və milli kimlik dərsi - Əli Vəliyev yazır

“Qarabağda separatçıları təbliğ edəndə bəs Vətən haqda düşünmürdüz?” – qısa və konkret! Buna idmanın boks növündə ilk saniyələrdəcə NOKAUT vəziyyəti deyilir. Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin  Almaniyada “Azad söz” kanalının rəhbəri bloqer Tural Sadıqlıya dediyi sözləri nəzərdə tuturam.


Bu fikirləri  xaricdə mənzillənən və özünü siyasi fikir adamı, müxalifətçi kimi təqdim edən bütün mühacir bloggerlərə aid edərdim. Çünki, firavan həyat ardıyca Avropaya üz tutanların əksəriyyəti hakimiyyətlə müxalif olmağı, Vətənlə, xalqla düşmənçiliklə səhv salırlar.  Elə bilirlər ki, onun-bunun ana-bacısına söymək, ailə üzvlərinə şər atmaq, gizli çəkilən fotoları paylaşmaq  jurnalistika fəaliyyəti sayılır və Azərbaycanda artıq məşhurdurlar.

Doğrudur, Tural elə də söyüş söyməsə də onun əksər “əqidədaşları” bu yolla baxış yığmağa, populyarlaşmağa çalışır, Qərbin bəzi mərkəzlərinin “diqqət və rəğbətini” qazanmağa cəhd edirlər. Amma unudurlar ki, Azərbaycanda özünə, ailəsinə hörmət qoyan heç kəs bu cür söyüşlərə qulaq asmır, xüsusilə də evində. Onların dinlənilmə auditoriyası yalnız çöl, bayır, yaxud da küçədir. Elə Hikmət Hacıyev də bunu deyir, haqlı olaraq soruşur ki, “Sizə elə gəlir Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil. Siz özünüzü jurnalist adlandırırsınız, amma bu peşə jurnalistika deyil. Sizin etdiyiniz müəyyən mənada bloq fəaliyyətidir. Siz şantaj yaradırsınız. Bu, jurnalistika deyil".

Maraqlıdır ki, mikrafon qarşısında şir-pələng kimi özlərini aparanlar nədənsə Prezidentin köməkçisinin sadə və bir qədər də  böyük nəsihətlərini xatırladan tövsiyyələri qarşısında susur, aciz görünür. Əgər bunların ən tanınanı və savadlısı bu vəziyyətə düşürsə, görəsən adi ali təhsili olmayanı hansı miskin duruma düşə bilər? Deməli, məntiq və faktlar qarşısında duruşları yoxdur, tab  gətirə bilmirlər. Bu dialoq daha bir həqiqəti də üzə çıxardı.

İnsan vətənə xəyanət edəndə daxili fiasko yaşayır, dili gödəklik, mənəvi aşınma, bir qədər də qorxu və narahatlıq hissləri keçirir. Hikmət Hacıyev bu psixoloji halın anatomiyasını belə şərh edir:  “Həyatda ən çətin şey vətənə xəyanət etməkdir, dövlətə xəyanət etməkdir. Mənim o insanlara sadəcə yazığım gəlir. Bu, vətənsiz yaşamaq deməkdir”. Yenə də qısa və konkret. Sərrast və kəskin zərbələr. Amma bu zərbələr, öldürmək üçün deyil, yolundan azan gənclərin halına acıyan bir azərbaycanlının qürbətdə  öz soydaşına içdən gələn qardaş tövsiyyəsidir: coğrafi baxımdan vətənsiz yaşamaq olar, amma əqidə və mənəvi baxımdan YOX. Çünki vətənsiz insanın milli kimliyi də olmur.     

Əli Vəliyev

Manset.az xəbər portalının baş redaktoru

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az