Bu gün Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanovla birlikdə Buxarest şəhərinin mərkəzində yerləşən Tey Parkında ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub.
Manset.az xəbər verir ki, ziyarət zamanı Azərbaycan xalqının Ümummilli Lideri, müasir və müstəqil dövlətimizin qurucusu və memarı olan Heydər Əliyevin əziz xatirəsi böyük ehtiramla yad edilib, büstün önünə tər çiçəklər qoyulub.
Heydər Əliyevin ideyaları bu gün də Azərbaycanın daxili və xarici siyasətində əsas yol göstərici olmaqda davam edir. Onun dövlətçilik fəlsəfəsi, strateji baxışı və müdrik rəhbərliyi nəticəsində Azərbaycan öz suverenliyini möhkəmləndirib, beynəlxalq aləmdə nüfuzlu mövqe qazanıb.
Buxarestin ən gözəl parklarından biri olan Tey Parkında Ulu Öndərin büstünün ucaldılması Rumıniya-Azərbaycan dostluğunun parlaq təzahürlərindən biridir. Bu abidə, eyni zamanda, dahi liderə beynəlxalq miqyasda göstərilən yüksək ehtiramın bariz nümunəsi kimi qiymətləndirilir.
Qeyd edək ki, Rumıniya Azərbaycanın Avropada yaxın tərəfdaşlarından biri olmaqla, siyasi, iqtisadi və humanitar sahələrdə iki ölkə arasında əməkdaşlıq daim inkişaf edir. Ulu Öndərin büstünün Buxarestdə yerləşməsi bu münasibətlərin dərin tarixi köklərə və qarşılıqlı hörmətə əsaslandığını bir daha nümayiş etdirir.