Ermənilər Laçında qəbirləri talan edərək yandıırıblar.
Manset.az xəbər verir ki, bu barədə AzTV-nin "Vandal zehniyyətin daha bir nümunəsi: ermənilər Laçında məzarlıqları yandırdılar" adlı reportajında məlumat verilir. Reportajda dünyaşöhrətli fotoqraf Reza Deqati Laçından hazırladığı video-material da yer alıb.
R.Deqati bildirib ki, buradakı məzar daşları qazılaraq çıxarılıb və oğurlanıb. Qəbirlər təhqir edilib, məzarların içərisi qazılaraq insanların sümükləri və onların qızıl dişləri çıxarılıb.
Ermənilər Azərbaycan torpaqlarını işğal altında saxladıqları 30 il ərzində Qarabağ və Şərqi Zəngəzurun əzəli sakinləri olan azərbaycanlıların izlərini itirməyə çalışıb. İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi Laçında da Azərbaycan xalqının mədəni irsi talanılaraq dağıdılıb və saxtalaşmağa cəhd edilib.
Tarixçi Məhəbbət Paşayeva bildirib ki, ermənilər Qafqazda məskunlaşdığı dövrlərdən etibarən Azərbaycan tarixini saxtalaşdırmağa çalışıblar.Mənfur düşmən bu saxtalaşdırma zamanı abidələrimizə, tariximizə qarşı bir sıra vandalizm əməlləri törədiblər.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, monitorinqlərin nəticələrinə əsasən ermənilər tərəfindən 185 tarix və mədəniyyət abidəsi dağıdılıb, onlardan 51-I tamamilə məhv edilib. Monitorinqlər davam etdikcə bu rəqəmlər artır. Dağıntılar ən çox Şuşa şəhərində olub. Şuşada 26 tarix və memarlıq abidəsi tamamilə məhv edilib, 96 abidənin qalıqları aşkarlanıb.
Beynəlxalq təşkilatlar isə ermənilərin bu vandallıq əməllərinə göz yummağa davam edir. Məsələn UNESCO Azərbaycan xalqının milli-mənəvi, tarixi irsinə elə bir biganə münasibət nümayiş etdirir ki, məğlub tərəf diridən ala bilmədiyi heyifi ölüdən çıxır.
Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə Zəngilanda mənfur düşmən tərəfindən dağıdılan məsciddə olarkən UNESCO və Avropa Şurasını ikili standartlara son qoymağa səsləmişdi.
“Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir.
Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası, səssiz qalma, gəl gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub”- deyə Prezident İlham Əliyev bildirmişdi.