Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən həmkarlar ittifaqı üzvlərinin sağlamlığının qorunması və mənalı istirahəti üçün ardıcıl və sistemli tədbirlər davam etdirilir, müalicə-sağlamlıq mərkəzlərində şərait yaxşılaşdırılır.
Manset.az xəbər verir ki, müalicə-sağlamlıq turizmi sahəsində beynəlxalq səviyyədə
tanınan Naftalan şəhərində yerləşən AHİK-in “Kurort Naftalan” sağlamlıq mərkəzində
də şərait yaxşılaşdırılıb, infrastruktur yenilənib, müasir avadanlıqlarla təchiz
edilib.
AHİK-in və dövlət qurumlarının nümayəndələri, Milli
Məclisin deputatları sağlamlıq mərkəzində görülən işlərlə tanış olublar. Tədbirdə
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial
siyasət komitəsinin sədr müavini Elşad Musayev, səhiyyə nazirinin müavini Rasim
İsmayılov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad
Mustafayev, yerli icra hakimiyyətinin nümayəndələri və digər şəxslər iştirak
ediblər.
Tədbir iştirakçılarına məlumat verilib ki, mərkəzin
yataq korpusu müasir tələblərə uyğun yenidən qurulub, otaqlar yeni
avadanlıqlarla təchiz edilib. Korpusda ümumilikdə 50 çarpayıdan ibarət 26 otaq
vardır. Bundan əlavə, burada həkim, masaj və vanna otaqları, fizioterapiya
kabinetləri və yeməkxana müalicə alanların xidmətindədir.
Sağlamlıq mərkəzinin müalicə korpusunda da şərait
yaxşılaşdırılıb və müasir tibbi avadanlıqlarla təmin edilib. Korpusda müayinə,
masaj, fizioterapiya, parafin terapiyası və karbon terapiyası otaqları,
inqalyasiya bölməsi, idman zalı və müxtəlif profilli tibbi kabinetlər fəaliyyət
göstərir.
Ərazidə infrastrukturun yenilənməsi işləri də
aparılıb, daxili yollara yeni asfalt örtüyü salınıb. Sağlamlıq mərkəzi Wi-Fi
internet, IP telefoniya və təhlükəsizlik kameraları ilə təmin edilib. Mərkəzin ərazisində
ağac və bəzək kolları əkilib.
Qeyd edək ki, “Kurort Naftalan”ın müalicə bazası
dayaq-hərəkət sistemi və dermatoloji xəstəliklərin müalicəsi üçün müasir - 4-cü
nəsil tibbi avadanlıqlarla təmin olunmuş fizioterapiya xidmətlərini, həmçinin
müalicəvi naftalan nefti əsasında həyata keçirilən vanna prosedurlarını əhatə
edir. Mərkəzin xidmətlərinə naftalan vannaları, kombinə edilmiş naftalan müalicə
prosedurları, manual terapiya, parafin terapiyası, su-fizioterapiya
(hidroterapiya), inqalyasiya və digər müalicə prosedurları daxildir.
Tədbir iştirakçıları sağlamlıq mərkəzində yaradılan
şəraiti, müalicə və istirahət imkanlarını yüksək qiymətləndiriblər.