Sıradan işləri yerinə yetirməkdə çətinlik çəkdiyinizi, düşünmə, xatırlama və diqqətinizi cəmləmə qabiliyyətinizin ciddi şəkildə zəifləndiyini hiss etmisinizsə, böyük ehtimalla beyin dumanı yaşayır ola bilərsiniz. Bu vəziyyətlə bağlı məlumatlandırıcı açıqlamalar verən mütəxəssislər xüsusilə gündəlik qidalanmada seçimlərə diqqət yetirilməsinin vacibliyini vurğulayırlar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bəzi insanlar üçün iş zamanı, dostlarla vaxt keçirərkən, kitab oxuyarkən, hətta televiziya izləyərkən belə bəzən diqqəti toplamaq çətinləşir. Elə bil beynimiz buludların arxasında gizlənib. Sağlamlıq sahəsi üzrə mütəxəssislər bu halı “beyin dumanı” adlandırırlar.
Qidalanma üzrə mütəxəssis Anjela Emmerton bildirir:
“Beyin dumanı — zehni aydınlığın itməsi və yorğunluq hissi — adları xatırlamaqda və ya söz tapmaqda çətinlik yarada bilər və bu, olduqca narahatlıq doğuran bir vəziyyət ola bilər.”
Mütəxəssislərin fikrincə, bu cür zehni yorğunluq və ya çaşqınlıq yuxusuzluqdan, gərginlikdən, yaxud həyəcan pozuntusu və depressiya kimi psixi sağlamlıq problemlərindən qaynaqlana bilər. Gün ərzində qəbul etdiyimiz qida və içkilər də ehtiyac duyduğumuz enerjinin təmin olunmasında mühüm rol oynayır. Başqa sözlə, natamam və balanssız qidalanma beyin dumanının geniş yayılmış əsas səbəblərindən biridir.
Sağlamlıq üzrə mütəxəssislər bildirirlər ki, yalnız beyin dumanının yaranmasının qarşısını almaq üçün deyil, ümumi sağlamlığı qorumaq baxımından da bəzi qidaların qəbulunu məhdudlaşdırmaq vacibdir.
Bilişsel geriləmənin qarşısının alınması və onun geriyə çevrilməsi sahəsində ixtisaslaşmış həkim Coşua Helman açıqlamasında deyir:
“Xüsusilə əlavə şəkər, saflaşdırılmış taxıl məhsulları, trans yağlar və omega-6 yağ turşuları ilə zəngin qidalar baş beynində iltihabı və insulinə qarşı davamlılığı artırır.”
Helman əlavə edir:
“Bundan başqa, insanlara natrium, nitrat və ya süni qatqılarla zəngin qidalara qarşı ehtiyatlı davranmağı tövsiyə edirəm”.
Dr. Helman həmçinin bildirir ki, qida və içkilərdəki pestisidlərə, ağır metallara və plastiklərlə təmasın orta səviyyədə belə olması zamanla beyin fəaliyyətinə təsir göstərə bilər. Onun sözlərinə görə, sağlam olmayan işlənmiş qidalarla bilişsel sağlamlığın zəifləməsi arasındakı əlaqə səbəbindən bəzi tədqiqatçılar Altsheymer xəstəliyini “3-cü tip şəkərli diabet” adlandırırlar.
Qidalanma üzrə mütəxəssis Nikolet Peys isə luteinlə zəngin qidaları tövsiyə edərək bildirir:
“İspanaq və tünd yaşıl yarpaqlı bitkilər yaddaşın, zehni aydınlığın və diqqətin yaxşılaşmasına ciddi şəkildə yardım edir”.