Dünyaca məşhur Luvr Muzeyi Avropa İqtisadi Bölgəsinə daxil olmayan turistlər üçün giriş biletlərinin qiymətini 45 faiz artırdığını açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə yerləşən muzeydə 19 oktyabrda baş verən 88 milyon dollarlıq oğurluqdan sonra ciddi tənqidlərə məruz qalan idarəçilik, infrastrukturun yenilənməsi qərarına gəlmişdi.
Muzey rəhbərliyi təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və infrastrukturun möhkəmləndirilməsi üçün əlavə vəsaitə ehtiyac duyduğunu bildirərək, qiymət artımına getməyə məcbur olduğunu qeyd edib. İdarə Heyətinin qərarına əsasən, Avropa İqtisadi Bölgəsinə daxil olmayan ölkələrdən gələn turistlər üçün giriş biletlərinin qiyməti 45 faiz artırılıb.
2026-cı il yanvarın 14-dən etibarən dünyanın ən məşhur muzeylərindən biri olan Luvru ziyarət etmək istəyən Avropa İqtisadi Bölgəsinə (AİB — Avropa Birliyi, İslandiya, Norveç və Lixtenşteyn) daxil olmayan turistlər şəxs başına 32 avro ödəyəcəklər. Avropalı olmayan turist qrupları isə yeni tarifə uyğun olaraq 28 avro ödəyəcək.
Muzey rəhbərliyinin açıqlamasında bildirilib ki, modernləşmə işlərinə dəstək məqsədilə giriş biletlərinə hər il əlavə olaraq 10–20 avro arası artım tətbiq olunması planlaşdırılır.