İranın ali rəhbəri Müctəba Xamenei ABŞ-də aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətinin Vaşinqtonun Tehran siyasətini dəyişməyəcəyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın İrana qarşı düşmən münasibətinin davam edəcəyini deyən Xamenei yeni hücumlar olacağı təqdirdə veriləcək cavabın daha genişmiqyaslı olacağı barədə xəbərdarlıq edib.
ABŞ-nin “İran xalqını qeyd-şərtsiz təslim olmağa məcbur etməyi” hədəflədiyini bildirən Xamenei düşmən qarşısında ən kiçik güzəştin belə müharibədə həlak olanların və xalqın fədakarlıqlarını puça çıxaracağını iddia edib. Onun sözlərinə görə, belə bir addım qarşı tərəfi yeni tələblər irəli sürməyə və hücumlara əl atmağa həvəsləndirə bilər.
ABŞ Prezidenti Donald Trampın mənsub olduğu Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlubiyyətinə toxunan Xamenei bu nəticələrin Vaşinqtonun İrana qarşı siyasətinə təsir göstərməyəcəyini vurğulayıb. O, ABŞ-nin davranışlarında dəyişiklik gözləyənlərin “dərin yanılğı içində” olduğunu bildirib.
Xamenei ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı müharibə nəticəsində İranın Hörmüz boğazına nəzarəti ələ keçirdiyini və bölgədəki ABŞ hərbi bazalarını “məhv etdiyini” iddia edib.
“Belə hücumlar təkrarlanarsa, İranın cavabı daha geniş miqyas alacaq”, – deyə o bildirib.
Xamenei, həmçinin İranın regionda dəstəklədiyi və “müqavimət cəbhəsi” adlandırdığı silahlı qruplaşmaların mövqeyini yüksək qiymətləndirib.