Ermənistanın baş naziri Nikol Paşinyan konstitusiya islahatları ətrafındakı siyasi proseslər fərqli ssenari üzrə inkişaf edərsə, erkən seçkilərin keçirilməsi ehtimalını istisna etməyib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, N.Paşinyan jurnalistlərin müxalifətin təklif olunan konstitusiya dəyişikliklərinə səs verməkdən imtina edəcəyi təqdirdə nə baş verəcəyi və bu halda erkən seçkilərin keçirilməsinin mümkün olub-olmadığı barədə suallarını cavablandırıb.
"Erkən seçkilərin keçirilməsi ssenarisinə heç nə mane olmur. Lakin müxalifətdən başqa və hətta müxalifətlə müqayisədə daha böyük dərəcədə cəmiyyətlə dialoq son dərəcə vacibdir.
Müxalifətlə dialoq qurmaq cəhdinin necə nəticələnəcəyindən asılı olmayaraq, biz cəmiyyətlə dialoqa girməliyik.
Layihəmiz parlamentə göndərilmək üçün hazır olduqda onun müzakirəsi baş tutacaq və səsverməyə çıxarılacaq. Artıq səsvermənin yekunlarına əsasən isə biz növbəti addımlar barədə düşünəcəyik", - deyə Paşinyan bildirib.