Avropa İttifaqı Komissiyası media plüralizmini və media müstəqilliyini qorumaq məqsədi daşıyan yeni “Media Azadlığı Qanunu” təklifini təqdim edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aİ Komissiyasının təklifində plüralist və müstəqil medianın demokratiyalar üçün həyati əhəmiyyət kəsb etdiyi və qanunun redaksiya müstəqilliyini qorumaq məqsədi daşıdığı vurğulanıb.
Təklifə əsasən, Aİ ölkələri medianın redaksiya müstəqilliyinə hörmət etməyə borclu olacaqlar. Bundan əlavə, media qurumlarının mülkiyyət strukturunun şəffaf şəkildə ictimaiyyətə çatdırılması lazımdır.
Aİ ölkələrində ictimai xidmət göstərən media qurumları üçün adekvat və sabit maliyyə tələb olunacaq və ictimai yayımçılar plüralizm prinsipinə riayət etməli olacaqlar.
Dövlətlər hər il media orqanlarına nə qədər reklam verdiklərini və bunun üçün nə qədər pul ödədiklərini açıqlamalı olacaqlar. Reklamda heç bir ayrı-seçkiliyə yol verilməməsi şərtləndiriləcək.
Qanunla, reklam gəlirlərinə təsir edən təşkilatlar, xüsusilə internetdə yayımlananlar üçün auditoriya ölçmə sistemlərinin qərəzsizliyi və şəffaflığı yaxşılaşdırılacaq.
Xarici dövlətlərin Aİ ölkələrində KİV vasitəsilə dezinformasiyalar aparması müəyyən olunarsa, xarici dövlətlərin vəsaitləri ilə fəaliyyət göstərən təşkilatlara qadağa qoyula bilər.
Medianın, jurnalistlərin və ya onların ailə üzvlərinin telefonlarının dinlənilməsi və ya İnternet kimi vasitələrlə onların ünsiyyətinə nəzarət kimi hallara qarşı müdafiə təmin ediləcək.
Yeni təklif “Facebook” və “YouTube” kimi internet platformalarının xəbər agentliklərinə üstünlük verməsini tələb edəcək. Bundan əlavə, bu cür internet platformalarından, öz məzmun siyasətlərinə uyğun olaraq, xəbər təşkilatlarına məzmunlarını silmək qərarı və səbəbləri barədə əvvəlcədən məlumat vermələri tələb olunacaq.
Polşa və Macarıstan kimi bəzi Aİ ölkələrinin bu təklifə qarşı çıxacağı gözlənilir. Aİ Komissiyası bir müddətdir ki, bu iki ölkəni media azadlığı, demokratiya və qanunun aliliyi kimi sahələrdə geriləmə olduğunu əsas gətirərək tənqid edir.
Sərhədsiz Reportyorlar təşkilatı son illər təkcə Polşa və Macarıstanda deyil, həm də Yunanıstan, Hollandiya, Sloveniya, Malta və İtaliya kimi Aİ ölkələrində mətbuat azadlığının gerilədiyini iddia edir.
Aİ Komissiyasının təklifinin qanuni olması üçün Avropa Parlamenti və onun üzv dövlətləri tərəfindən qəbul edilməlidir.