Manset.az İqtisadiyyat.az-aistinadən xəbər verir ki, ilk olaraq ötən ilin yanvar ayında AMB “Rabitəbank”a icrası məcburi sərəncam verib.
Belə ki, “Rabitə Bank” ASC tərəfindən məcmu halda likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində AMB-yə təqdim edilən hesabatda “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbi təmin olunmayıb. Buna görə Mərkəzi Bank tərəfindən “Rabitəbank”a bu sahədə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
Avqust ayında AMB tərəfindən “Rabitəbank”a maliyyə sanksiyası tətbiq olunub.
Belə ki, bank sistemində likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə Mərkəzi Bank tərəfindən məcburi ehtiyat normaları alətindən istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunla (Qanun) yanaşı, Mərkəzi Bankın “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” Qaydası (Qayda) ilə tənzimlənir. Bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə Mərkəzi Bankda olan müxbir hesablarında saxlanmasını təmin etməlidirlər. 15.07.2025-14.08.2025-ci il tarixlərini əhatə edən saxlama dövründə “Rabitəbank” manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlamaqla Qaydanın tələblərinə riayət etməyib. Bundan irəli gələrək, Qanunun 32-ci maddəsinə müvafiq olaraq Mərkəzi Bank tərəfindən “Rabitəbank”a qarşı 1857.54 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
May və sentyabr aylarında isə “Rabitəbank” ASC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.
Belə ki, bank tərəfindən “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması məzmunu və təqdim edilməsi Qaydası”nın tələblərinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən “Rabitəbank”ın vəzifəli şəxsi iki dəfə 2 000 manat məbləğində cərimə edilib.