Azərbaycanın beynəlxalq aləmdə tanıdılması və milli maraqlarının müdafiəsində dünya azərbaycanlılarının həmrəyliyi mühüm rol oynayır. Son illərdə diaspor quruculuğu və lobbiçilik istiqamətində həyata keçirilən tədbirlər müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların vahid məqsədlər ətrafında daha sıx birləşməsinə imkan yaradıb. Dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən Azərbaycan icmaları ölkəmizin tarixi, mədəniyyəti və milli dəyərlərinin təbliğinə töhfə verirlər. Eyni zamanda, diaspor təşkilatları Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətlərini genişləndirirlər. Bu proses dünya azərbaycanlıları arasında həmrəyliyin daha da möhkəmlənməsinə və milli birlik ideyasının güclənməsinə xidmət edir.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Manset.az-a açıqlamasında bildirib ki, xarici siyasətimizin prioritetləri Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bu prioritetlərdən biri xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin saxlanılması, ikincisi isə onların yaşadıqları ölkənin layiqli vətəndaşları olmalarının dəstəklənməsidir:

“Azərbaycan xaricdə yaşayan azərbaycanlıların daxili işlərinə qarışmır. Onların təşkilatlarının işinə və fəaliyyətinə müdaxiləni düzgün hesab etmir. Azərbaycan dövləti ilə xaricdə yaşayan azərbaycanlılar arasında sadəcə ikitərəfli münasibətlər mövcuddur.
Xaricdə yaşayan azərbaycanlılar öz təşkilatlarını yaradır, yaşadıqları ölkələrin qanunlarına uyğun olaraq qeydiyyatdan keçir və fəaliyyət göstərirlər. Onlar səsvermədə iştirak edir, vergi ödəyir, yaşadıqları ölkənin dilini və adət-ənənələrini öyrənirlər”.
Deputat qeyd edib ki, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar ana dilimizi qoruyub saxlayır, milli adət-ənənələrimizi yaşatmağa çalışırlar:
“Onların Azərbaycanda yaxın qohum-əqrəbaları və tanışları var. Onlar vaxtaşırı Azərbaycana gəlib-gedirlər. Bir tərəfdən, azərbaycanlı köklərini qoruyur, digər tərəfdən isə yaşadıqları ölkənin layiqli vətəndaşı olmaq və həmin ölkənin inkişafına töhfə vermək istiqamətində fəaliyyət göstərirlər.
Bu gün hər birimiz xaricdəki Azərbaycan diasporunun fəaliyyətini izləyir, onların uğurlarına sevinirik və fəaliyyətlərinin bundan sonra da daha güclü olmasını arzulayırıq”.
Fidan Vəlisoy
6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
